Büdcə layihəsi parlamentdə

Milli Məclis

2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi artıq Milli Məclisə daxil olub.

Gələn ilin büdcəsi ilə bağlı ilkin göstəriciləri sentyabrın 8-də Maliyyə Nazirliyi açıqlamışdı. Bu layihədə bəzi əsas göstəricilər həmin məlumatdan bir qədər fərqlənir.

Layihəyə əsasən, dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon, xərcləri isə 29 milyard 879 milyon manat nəzərdə tutulub.

Azalıb

Bu layihəyə görə, müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 489 milyon 892.4 min manat olmalıdır. 2021 ildə müvafiq xərclərlə müqayisədə bu, təqribən 96 milyon manat azdır.

Artıb

2022 ilin büdcəsində təhsil xərcləri 3 milyard 884 milyon 325.7 min manat, səhiyyə 1 milyard 788 milyon 619.6 min manat səviyyəsində nəzərdə tutulur. Bunlar isə cari ilin eyni xərcləri ilə müqayisədə, müvafiq olaraq, təqribən 607 milyon və 380 milyon çoxdur.

Azalıb

Layihəyə görə, gələn ilin büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 565 milyon 794 min manat olmalıdır. Halbuki, bu il həmin rəqəmin 3 milyard 692 milyon 746 min olduğu açıqlanmışdı.

Artıb…

Gələn il dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 2 milyard 362 milyon 101.7 min manat xərcləmək nəzərdə tutulur. 2021 ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının maliyyələşməsinə bundan az - 2 milyard 92 milyon 827.2 min manat ayrılması proqnozlaşdırılıb.

Xatırlatma

2021-ci il dövlət büdcəsində gəlirlər 25 milyard 427 min, xərclər isə 28 milyard 543 min manat təsdiq edilib.