Gələn ilin dövlət büdcəsində xərclərin təqribən 20 faizi təmir-tikinti xərcləri üçün nəzərdə tutulub- yəni təqribən 5 milyard manat.
Amma belə böyük həcmdə ictimai vəsaitin hara xərclənəcəyini ictimaiyyət bilmir.
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədr müavini, büdcə təhlilçisi Rövşən Ağayev, noyabrın 3-də, Bakıda, REAL Partiyasının təşkil etdiyi mühazirəsində deyib ki, bu 5 milyard manatın nəyə xərclənəcəyi barədə qərarı yalnız prezident İlham Əliyev verir. Onun il ərzində ayrı -ayrı sərəncamlarından məlum olur ki, hansı layihəyə nə qədər pul xərclənəcək.
“Xərc maddələrinin içərisində çoxlu maddələr olacaq. Bəlkə 500 layihə olacaq, bəlkə 700 layihə olacaq. Ümumiyyətlə o layihələr açıqlanmır. Sonrakı dövrlərdə vəsaitin hansı layihələrə xərcləndiyi açıqlanır. Halbuki, iki il əvvələ qədər o layihələri Nazirlər Kabineti bölüşdürürdü və müstəqil ekspertlər, təsdiq olunandan sonra layihələri əldə edə bilirdilər. Son iki ildə o vəsaitlərin bölüşdürülməsi prezidentin səlahaiyyətinə keçib və ümumiyyətlə o layihələri tapmaq mümkün deyil. Təsəvvür edirsinizmi, bir xərc layihəsi büdcənin üçdə birini təşkil edir və onun hər bir maddəsi prezident sərəncamı ilə bölüşdürülür. Yəni, büdcə bu şəkildə mərkəzləşib”.
Tənqidçilər təmir-tikintiyə ayrılan pulların xərclənməsinə nəzarətin daha çətin oldiğunu iddia edirlər.
Qubad İbadoğlu: Pulun böyük bir hissəsi korrupsiyaya yem olacaq
Məsələn, Demokratiya və İnkişaf Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu iddia edir ki, tikinti xərci adıyla ayrılmış vəsaitin ən yaxşı halda üçdə biri öz təyinatı üzrə istifadə olunur. Bunun böyük bir hissəsi - hər milyon manatdan heç olmasa, 600 min manatı birbaşa korrupsiyanın yeminə çevrilir.
Onun sözlərinə görə, dövlət alqı-satqıları üzrə tenderlər keçirilmir, keçiriləndə də şəffaflıq təmin olunmur, tenderin qalibinin kim olması barədə məlumatlar açıq deyil.
Bəs təmir-tikinti ilə məşğul olan şirkətlər hansılardır? Dövlət sifarişlərini hansı şirkətlər alır? ReAL partiyasının icra katibi Natiq Cəfərli deyir ki, bu şirkətlərlə bağlı suallar var:
“Son 5-10 ildə belə sifarişləri alan Akkord şirkətlər qrupu idi, bu Azinko idi, Paşa construction idi. Bir çox belə iri şirkətlər var ki, onların birbaşa iştirakı və ya sifarişlərdə onların önə çıxması ilə bu layihələr həyata keçirilir. Azərbaycan reallıqları da var, çox vaxt rəsmi sahiblərindən əlavə həmin şirkətləri himayə edən yüksək rütbəli məmurlar və ya hökumət nümayəndələri də olur. Çox zaman da bu, belə işləyir. Azərbaycanda yazılmamış qaydalar var…”
AzadlıqRadiosu və OCCRP-nin - Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Mərkəzinin apardığı jurnalist araşdırmalarının bəzilərində hətta bəzi böyük tikinti layihələrini prezident ailəsinə yaxın şirkətlərin həyata keçirdiyi bildirilirdi. Bu araşdırmalarda xüsusilə “Crystal Hall” və Dövlət Bayrağı meydanının adı çəkilirdi. Hərçənd ki, Prezident Administrasiyasından bu yöndə suallara cavab almaq mümkün olmayıb.
Qanun nə deyir? Qanunun özü natamamdır
Təmir-tikinti pullarının nəyə xərclənməsinə dair məlumatla bağlı qanunda nə deyilir?
Büdcə təhlilçisi Rövşən Ağayev deyir ki, büdcə haqqında qanunda tələb yoxdur ki, vəsaitin hara yönəldilməsi açıq göstərilsin. Onun sözlərinə görə, bu qanun özü təkmil deyil. Büdcə təhlilçisi hesab edir ki, ictimai maliyyənin şəffaflığı ilə bağlı yaxşı beynəlxalq təcrübələr və bu Beynəlxalq Valyuta Fondunun şəffaflıq tələbləri baxımından açıq olmalıdır.
AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:
Sizin brauzer HTML5-i dəstəkləmir
Ümumilikdə hakimiyyətin elan etdiyi siyasət şəffaflığın təmin olunması, büdcə xərclərinə nəzarətin gücləndirilməsidir.
Məsələn, bu ilin fevralında İlham Əliyev, Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin ilə görüşdə deyib ki, Azərbaycan şəffaflıq və hesabatlılıq prinsiplərinə nail olmaq niyyətindədir, bununla da investisiya mühitini yaxşılaşdırmaq istəyir.
Təmir-tikinti xərclərinin şəffaflığı barədə isə rəsmilərdən hansısa açıqlama olmayıb.
Bu xərc maddəsi neftin qiyməti nisbi qalxmağa başlayandan sonra artmağa başlayıb. 2016-cı ilin dövlət büdcəsind bu vəsait 1,6 milyard manat idi, 2018-ci ilin dövlət büdcəsində isə 5 milyard manata çatdırıldı.