Buraxılış imtahanı başa çatıb

imtahan

Aprelin 7-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin XI sinfində təhsil alan 27659 şagirdin buraxılış imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib.

DİM-dən yayılan məlumata görə, operativ qərargah fəaliyyət göstərib və imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb.

Habelə bildirilir ki, aprelin 8-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqələrinin emalına başlanılacaq. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında yoxlanmalıdır.
Məlumatda o da qeyd edilir ki, yazı işlərinin yoxlanılmasından ötrü proqram təminatını DİM mütəxəssisləri hazırlayıb.

“Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir”, DİM bildirir

Açıqlamaya görə, bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıqdan ötrü ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar:
“ Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır”

DİM sonda da bildirir ki, imtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulur.

--

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün, aprelin 7-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin XI sinif şagirdlərinə buraxılış imtahanı keçirir.

Məlumatı DİM yayıb. Bildirilib ki, saat 11-də başlayan imtahan 3 saat davam edəcək. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə, ümumilikdə, 85 tapşırıq təqdim olunacaq. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq.

İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmamalıdırlar.

Habelə vurğulanıb ki, XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsindən ötrü qeyd olunan şəhər və rayonlarda 63 imtahan mərkəzi ayrılıb. İmtahanda 27659 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 189 imtahan rəhbəri, 2192 nəzarətçi‑müəllim, buraxılışı təşkil edən 207 əməkdaş və 63 bina nümayəndəsi ayrılıb.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaqdan ötrü müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Buraxılış imtahanlarının (qəbul imtahanlarının I mərhələsinin) nəticələri iki il qüvvədə olur. İki ildə abituriyentə I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə), eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.

V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən universitetlər) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.