Ukraynaya 3, 9 milyard dollarlıq beynəlxalq yardım krediti təsdiq olundu

Ukrayna prezidenti Petro Poroshenko (solda) və BVF-in direktoru Christine Lagarde (Foto arxivdəndir)

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün 3, 9 milyard dollarlıq yardım kreditini təsdiq edib. Siyasi təhlilçilər bunu prezident Petro Poroshenko üçün gələn il keçiriləcək prezident seçkisindən əvvəl “kiçik qələbə” hesab etdiklərini bildirirlər.

BVF-in dekabrın 18-də elan edilmiş qərarına görə bu vəsaitin 1, 4 milyard dollarlıq ilk tranşı artıq dekabrın 25-dək veriləcək. Bundan sonra gələn ilin may və noyabr aylarında daha iki trans ediləcək.

BVF-in yardımı Ukraynada islahatların ləng həyata keçirilməsi və korrupsiyanın hələ də yüksək qalan səviyyəsi ilə bağlı ötən aprel ayından dondurulmuşdu.

BVF-in qərarı barədə danışan Poroshenko deyib ki, “dünyanın aparıcı maliyyə təsisatlarından gələn belə qərarlar bizim stabilliyimizi möhkəmlədir və Ukraynanın daxili və xarici çətinliklərlə çarpışmasında onun müqavimətini gücləndirir”.

BVF-in maliyyə yardımı Ukraynaya kreditlər üzrə gələn ilin ödənişlərini etməkdə köməklik göstərəcək.

Bu qərar həm də Avropa İttifaqı və başqa xarici donorları da Ukrayanaya yardım göstərməyə ürəkləndirəcək.

Poroshenko 2019-cu il, martın 31-də keçiriləck prezident seçkisindən əvvəl aparılan rəy sorğularına görə digər rəqiblərindən geridə qalır.