Azərbaycan Baş Prokurorluğu bugün, mayın 4-də koronavirusa görə tətbiq edilən karantin rejimində vəzifə səlahiyyətlərini aşmaqda şübhəli sayılan icra nümayəndələri ilə bağlı növbəti açıqlama yayıb.
Məlumatda yazılıb ki, Sabirabad, Ağcabədi və Tərtər rayon icra hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin qanunazidd hallara yol vermələri barədə gələn müraciətlərə baxılıb.
İddiaya görə, Sabirabad Rayon İcra Hakimiyyətinin Ulacalı kənd nümayəndəsi Mehman Cəfərov və Quruzma kənd nümayəndəsi İqbal Əliyevin Heydər Əliyev Fondunun imkansız ailələrə göndərdiyi ərzaq yardımını özlərinin yaxın qohumlarına, o cümlədən, imkanlı şəxslərə verməsinə şübhə yaranıb. Habelə, M.Cəfərov və İ.Əliyevin vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz arayışlar verməsinə şübhələr olduğu bildirilir.
Açıqlamada Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Pərioğullar kənd nümayəndəsi İmran Həsənov, Aran kənd nümayəndəsi Məzahir Əmirahov və müavini Allahverdi Hüseynovdan da bəhs edilir. Onlar da vəzifə saxtakarlığına yol verərək arayışlara bilə-bilə yalan məlumatlar daxil edib, ayrı-ayrı şəxslərin karantin rejimi qaydalarına zidd rayon ərazisini tərk etməsinə şərait yaratmaqda şübhəli sayılırlar: "Bundan başqa, Tərtər Rayon İcra Hakimiyyəti başçısının Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid Məmmədov tərəfindən də eyniməzmunlu qanun pozuntusuna yol verilib. Şahid Məmmədovun vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunub. Qeyd olunan şəxslər müvafiq rayon icra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad edilmişlər".
Toplanmış materiallar üzrə Sabirabad, Ağcabədi və Tərtər rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.
Bu açıqlamada sözügedən şəxslərin və ya onların vəkillərinin iddialara münasibətini öyrənmək mümkün olmayıb.
Baş Prokurorluğun mayın 1-də və 2-də yayılan açıqlamasında da bir neçə rayonda icra nümayəndələrinin işdən çıxarıldığı, barələrində cinayət işi başlandığı bildirilirdi. Onlar da, əsasən, eyni əməllərdə şübhəli sayılırdılar. Söhbət Masallı, Quba, Cəlilabad, Zərdab. İmişli, Bərdə rayonları, o cümlədən, Şirvan və Naftalan şəhər icra hakimiyyəti başçılarının bəzi inzibati ərazi nümayəndələrindən gedirdi. Onların da iddialara münasibəti bəlli deyil.
Xatırlatma
Aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı (artıq keçmiş) Mahir Quliyev barəsində Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında həbs-qətimkan tədbiri seçilib. O da oxşar ittihamla üzləşib. Onun və vəkilinin də, hələlik, ittihama münasibətini öyrənmək mümkün olmayıb.
Koronavirus pandemiyası ilə bağlı martin 24-dən Azərbaycanda karantin rejimidir.