“Orta statistik universitet kitabxanasında sizi qarşılayacaq kitabların əsas hissəsi Heydər Əliyevlə bağlıdır. Bu da bizim dərslərə aid deyil”.
Marksist nəzəriyyə?
Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi, “Facebook”da “Tələbə tələbi” səhifəsinin admini Rüstəm İsmayılbəyli deyir ki, tələbələrin əsas problemlərindən biri də dərsliklərlə bağlıdır. Onun sözlərinə görə, kitabxanalarda nadir hallarda lazımi dərs vəsaitləri tapılmır, olanlar da köhnədir, müasir tələblərlə uyğunlaşmır:
“Bəzi fənlər üzrə görürsən kitab yoxdur, bəzi fənlər üzrə müəllimin öz yazdığı kitab prioritet kimi qəbul olunur, həmin kitabların alınması tələbələrdən tələb olunur. Bununla bağlı “Tələbə tələbi” səhifəsinə də tez-tez şikayətlər gəlir: Müəllim tələb edir ki, ya mənim kitabımı alacaqsız, ya imtahandan sizi keçirməyəcəm. Bundan başqa müəllimlərin kitabları da yetərsizdir. İqtisadiyyat dərsliklərində sovet iqtisadiyyatı təbliğ olunur. Marksist iqtisadi nəzəriyyənin əsas olduğunu düşünən akademik bizə də bunu təlqin edir. Azad bazarın problem olduğu deyilir kitabda və s. Mənim bir tanışım vardı, Bakıda psixologiya ixtisası üzrə oxuyurdu, Türkiyədə eyni ixtisasda oxuyan bir tələbə ilə müzakirədən bəlli olmuşdu ki, heç onlara keçirilənlərin çoxu bunlara keçirilməyib”.
Rüstəm İsmayılbəyli deyir ki, tələbələrin bir narazılığı da bəzi müəllimlərin mühazirələrin yazılmasını, qeydlər aparılmasını tələb etməsi, həmin mühazirələrin elektron və ya çap variantının olmamasıdır.
Onun sözlərinə görə Azərbaycan ali məktəblərinin əksəriyyətində, mühazirələr adətən bir müəllimin əvvəldən sona kimi üzündən oxuması və tələbənin onu yazması ilə davam edir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Hansısa müəllimin öz dissertasiyası…
Təhsil eksperti Kamran Əsədovun da sözlərinə görə bu gün ali təhsil müəssisələrində istifadə edilən dərsliklərin böyük əksəriyyəti 1980-1990-cı illərin faktları əsasında yazılıb.
Ekspert indiki dərsliklərin, mühazirələrin müasir dövrün standartlarına cavab vermədiyini iddia edir. Bildirir ki, bir çox ali təhsil müəssəsilərində dərslik kimi istifadə olunan materiallar hansısa bir kafedra müəlliminin elmi işi və ya dissertasiyasıdır:
“Bu gün Azərbaycanda xüsusən dərslik problemi daha çox tibb sahəsində hiss olunur. Tibbdə oxuyanlar daha çox xarici ölkələrin dərsliklərindən istifadə edirlər, yaxud da 1980-1990-cı illərin qalın kitablarından. Amma bugün tibb sahəsi yenilənib. Bu gün ali təhsil müəssisələrində informasiya texnologiyaları, kompyuter mühəndisliyi üzrə kadr hazırlığında Microsoft-2003-dən istifadə edirlər. Ondan sonra nə qədər yenilənmə olub. Bu haqda dərslik yoxdur. Ancaq internet resurslardan, xarici mütəxəssislərin kitablarından istifadə edilir. Bu da ciddi problemdir. Elmi Şuralar bu sahədə iş görmür”.
Buna da bax: Ekspertlər interaktiv teledərs istəyir, nazirlik 'təşəkkürlər'dən danışır
Tələbə özü də axtarışda olmalıdır
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri, özü də universitetdə dərs deyən Cəsarət Valehov tənqidlərlə razılaşmır. Doğrudur, o ayrı-ayrı universitetlərdə belə bir problemin olmasını istisna etmir. Nazirliyin sözçüsü dərsliklərlə bağlı problemin kritik olmadığını vurğulasa da, mühazirələrin məzmununda müasir istiqamətlərin, yanaşmanın çatışmadığını da etiraf edir.
Bununla belə yetərincə dərsliklə təmin olunan, xüsusən də onlayn resurslardan istifadə edən unuversitetlər olduğunu deyir:
“Şübhəsiz ki, bizim ayrı-ayrı universitetlərdə bu problem var. Amma bir məqam da var ki, bugün oxumaq və axtarış imkanları daha genişdir. Yəni, təkcə universitet kitabxanalarında 10-20 il əvvəl çap olunan dərsliklər tək seçim deyil. Bu gün müxtəlif dillərdə, rus, ingilis, türk dillərində, eləcə də Azərbaycan dilində onlayn materiallar tapmaq böyük imkanlara sahib olmaq deməkdir. Yəni, bizim tələbələrimiz bu imkanlardan da yararlana bilərlər”.
Cəsarət Valehov dünyanın ən yaxşı universitetlərində tədris olunan dərsliklərin Azərbaycan dilinə tərcümə edildiyini də bildirir. Azərbaycanda hazırda ali təhsil müəssisələrində yay semestr imtahanlarıdır. Karantin rejiminə görə kitabxanaların əksəriyyəti bağlanıb.
Tələbə Rüstəm İsmayılbəyli deyir ki, karantində kitabxanaların əksəriyyətinin onlayn resurslarının olmaması, onsuz da onların dərsliklə bağlı problemlərini daha da dərinləşdirib.
İmtahanlar iyulun ortasına kimi davam edəcək.