Lənkəran və Qubanın da bəzi kəndlərinə giriş-çıxış dayandırılır

Quba rayonu

Bu gün, oktyabrın 14-də Azərbaycan Nazirlər Kabineti Lənkəran və Quba rayonunun bəzi kəndlərinə də giriş-çıxışın dayandırılması ilə bağlı qərar qəbul edib.

Bu qərara əsasən, operativ, xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə, Şıxəkəran kəndlərinə, Quba şəhərinə və bu rayonun Rustov, Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.

Qərar 2020-ci il oktyabrın 15-i saat 00:00-dan qüvvəyə minir. Bundan əvvəl də Nazirlər Kabineti bu gün, oktyabrın 14-dən Sabirabad şəhərinə, bu rayonun Cavad, Türkədi, Qalağayın, Kürkəndi kəndlərinə, Şəki şəhərinə və bu rayonun Kiş kəndinə giriş-çıxışı dayandırıb.

Azərbaycanda noyabrın 2-i saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.

Karantin rejiminin tədbiqinə martin 24-dən başlanıb. Son aylar rejim bir xeyli yumşaldılmışdı.

Buna da bax: Pandemiya Azərbaycanda yenidən ciddiləşirmi?

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 42 min 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 616 nəfərin vəfat etdiyi açıqlanıb.