Beynəlxalq Bankın keçmiş rəhbəri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin ikinci cinayət işiylə əlaqədar nə vaxt məhkəmə önünə çıxarılacağı bəlli olub.
Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində C.Hacıyev və daha 21 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Bu barədə AzadlıqRadiosuna məhkəmədən bildirilib.
Məlum olub ki, sabiq bankirin işi üzrə hakim önünə 22 yox, 23 nəfər çıxarılmalıydı. Onlardan biri – Ratmir Bəkirov noyabrın 8-də dünyasını dəyişib. Ölümündən beş gün sonra – noyabrın 13-də Cinayət Prosessual Məcəllənin 39.1.5 (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə) maddəsinə əsasən, onun barəsində cinayət işinə xitam verilib.
R.Bəkirov vəfat edərkən həbsdə olmayıb. Beynəlxalq Bank işi üzrə istintaq dövründə onun barəsində polisin nəzarəti altına vermə-qətimkan tədbiri seçilmişdi.
Ümumiyyətlə, C.Hacıyev haqqında budəfəki cinayət işi üzrə təqsirləndirilən 23 nəfərdən yalnız üçü həbsdədir – onun özü, bacanağı İsmayıl Hidayətzadə və Beynəlxalq Bankdan götürülən kreditlərin qaytarılmamasına görə mənimsəmə ittihamıyla 12 il 9 ay azadlıqdan məhrum edilmiş keçmiş deputat Dünyamin Xəlilov.
R.Bəkirov «City Developer» MMC-nin rəhbəri olub. 2015-ci ilin dekabrında C.Hacıyevin həbsindən sonra o da cinayət məsuliyyətinə cəlb olunub. Beynəlxalq Bankdan götürülən kreditlərin qaytarılmamasına görə tutulan R.Bəkirov bir müddət həbsdə saxlandıqdan sonra Nərimanov Rayon Məhkəməsinin qərarıyla azadlığa buraxılmışdı. Məhkəmə onunla yanaşı, «Beynəlxalq Bank işi» üzrə həbs olunan digər iş adamları – «Inter Glass» şirkətinin prezidenti Fariz Muradov və «General Construction» şirkətlər qrupuna daxil olan MMC-lərdən birinin direktoru Camal Həsənovu da həbsdən azad etmişdi.
R.Bəkirov fəaliyyətini dayandırmış «Simurq» futbol klubunun prezidenti Anar Bəkirovun atasıdır. O, «Azərbaycan Beynəlxalq Bankı» ASC-dən götürülmüş 50 milyona yaxın kreditin qaytarılmamasında təqsirləndirilirdi. Ona qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham irəli sürülmüşdü. Bu maddələrdə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Xatırlatma
C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
O, ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dəyərdə kreditlərin götürülüb mənimsənilməsində suçlanır.
C.Hacıyev özünü təqsirli bilmir.