'Bizə Cavid Hüseynovla bağlı danışmağa icazə verilmir'

Cavid Hüseynov

Oktyabrın 25-də Premyer Liqanın növbəti turunda «Sumqayıt»–«Qəbələ» futbol klubları qarşılaşacaq. Bu oyunda 13 gündür azadlığa çıxan, jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunaraq mühakimə edilən Cavid Hüseynovun da oynayacağı gözlənir. Klubun meneceri Səbuhi Səfiyarlı AzadlıqRadiosuna açıqlamasında belə deyib.

- Cavid Hüseynov nə vaxtdan oyunlarda iştirak edəcək?

- Bu gün oyunumuz var, bu gün oynaya bilər.

- Yəni bu gün yaşıl sahəyə çıxacaq?

- Bəli.

- Bir ildir həbsdə olan futbolçu psixoloji və ya fiziki baxımdan hazırlıqlıdırmı?

- Bizə bu haqda, yəni Cavidlə əlaqəli danışmağa icazə verilmir. Ümumiyyətlə, özü də istəmir ki, o haqda danışaq. Ona görə informasiya xarakterli məlumat verə bilərik, əlavə şərh verməyi özümüz də istəmirik, o da istəmir.

- Niyə danışmaq istəmirsiniz? Səbəb nədir?

- Heç bir problem yoxdur. Sadəcə, istəmirik. İstəmirik o məsələyə qayıdaq. O istəmir danışmaq. Biz də çalışırıq onun istədiyi kimi olsun hər şey.

- Səbuhi bəy, Cavid Hüseynov «Qəbələ» üçün nə qədər əvəzedilməz oyunçudur? Yəni həbsdən çıxar-çıxmaz, kluba dəvət etdiniz, indi də onun istəkləri ilə hesablaşırsınız.

- Nə bilim, nəsə danışacağam, nəsə deyəcəyəm, başlayacaqlar şərh etməyə. Ona görə, ümumiyyətlə, danışmaq istəmirik. Bu məsələni qabartmaq istəmirik.

- Amma siz istəsəniz də, istəməsəniz də Cavid Hüseynovla bağlı klubun addımları mediada, ictimaiyyət arasında müzakirə edilir.

- Kim necə istəyir öz mövqeyini çatdıra bilər, kim necə istəyir, o cür də qəbul edə bilər. Təbii ki, birmənalı deyil. Hər kəsin bir fikri var. Amma biz klub olaraq şərh vermək istəmirik.

- Onun kluba qaytarılması da birmənalı qarşılanmır. Buna da münasibət bildirməyəcəksiniz?

- Yox, yox, yox. Biz heç kimin fikrinə, rəyinə qarşı çıxmırıq, amma məsələnin gündəmə qaytarılmasını da istəmirik. İdman baxımından, futbol sahəsindən suallarınız varsa, cavab verə bilərik. Sizi də başa düşürük, amma...

- Amma nə vaxta qədər bu suallardan yayınacaqsınız?

- Nə vaxtsa... Hazırda danışmırıq.

- Azarkeşlər necə qarşılayacaq bu dönüşü? Bir fikriniz varmı bununla bağlı?

- Biz sizi başa düşürük, siz də bizi başa düşün.

- Belə bir fikir yayılıb ki, Cavid Hüseynovun azadlığa çıxmasında məhz «Qəbələ» klubunun rəhbərliyinin təsiri olub. Bu deyilənlərə cavabınız nədir?

- Biz bu ittihamlara cavab vermək istəmirik.

«Qəbələ» futbol klubunun keçmiş kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin döyülərək ölməsi ilə bağlı cinayət işi üzrə həbs olunmuş və mühakimə edilmişdi.

Bakı Apellyasiya Məhkəməsi futbolçunu 4 il azadlıqdan məhrum edən hökmdən verilmiş şikayətinə baxarkən, müdafiə tərəfinin arqumentlərini haqlı sayıb. Cavid Hüseynov oktyabrın 12-də azadlığa buraxılıb.

Futbolçunun gözlənilmədən azadlığa buraxılmasını jurnalist Rasim Əliyevin ailəsi, bir çox həmkarları və yaxınları mənfi qarşılayıb. Mərhumun atası Məmmədəli Əliyev məhkəmənin qərarını «ağlasığmaz» adlandırıb: «Biz Cavid Hüseynovun «məlumat verməməyə» görə həbs edilməsi ilə razı deyildik. O, cinayətin təşkilatçısı idi. O, oğlumuzun qatilidir».

Jurnalist Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Avqustun 9-na keçən gecə o, 1 saylı Kliniki Tibbi Mərkəzdə vəfat edib. Bu ölüm işi ilə əlaqədar, Cavid Hüseynov da daxil olmaqla, 6 nəfər həbs edilib.

Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə - ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən beş nəfər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 ildən 13 ilə qədər həbs cəzası alıblar.

CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən Cavid Hüseynov isə Səbail rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilmişdi.

Cavid Hüseynov məhkəmədə özünü təqsirli bilmədiyini və jurnalistin döyülməsi ilə heç bir əlaqəsi olmadığını, haqsız tutulduğunu deyirdi.