Bu gün, yanvarın 19-u Şirvan Apellyasiya Məhkəməsində Biləsuvar rayonunda etiraz aksiyasına görə, həbs olunan məcburi köçkünlərin şikayətlərinə baxılıb. Məhkəmə şikayəti rədd edib.
Bu haqda vəkillərdən Elçin Sadıqov xəbər verib.
Vəkilin sözlərinə görə, məhkəmə həbsdə olanlardan Cəlal Quliyevin, Zaur Fehruzlunun və Ülvi Quliyevin şikayətinə baxıb.
Buna da bax: 'Sosial problemlərin həllini istəmək qanunsuz tələb sayılır?'
Apellyasiya instansiyası Cəbrayıl Rayon Məhkəməsinin hər 3 şəxsin 3 ay müddətinə həbsini nəzərdə tutan qərarını haqlı sayıb.
Apellyasiya şikayətində rayon məhkəməsinin qərarının ləğv edilməsi, saxlanan məcburi köçkünlərin sərbəst buraxılması istənilirdi.
Elçin Sadıqov qərarı qanunsuz hesab etdiklərini, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.
Vəkil həbsdə olan digər məcburi köçkünlərdən İlkin İsgəndərovun apellyasiya şikayəti üzrə məhkəmə baxışının, hələ, təyin edilmədiyini də qeyd edib.
Buna da bax: 'Polis dedi ki, 'sənin oğlun təkər yandırıb, polis döyüb''
XATIRLATMA
2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsindən narazılıqlarını dilə gətiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.
Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı 3 nəfərin saxlandığı bildirilirdi. Məlumatda qeyd edilirdi ki, Gülağa Əliməmmədov, Cəlal Quliyev və İlkin İsgəndərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar CM-in 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.
Buna da bax: Biləsuvarda saxlanılanın anası: 'Qorxmuram. Balamı günahsız tutublar çünki'
Rəsmi məlumatda o da qeyd edilirdi ki, 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 1 xidməti avtomobilin şüşələri sınıb. Ancaq köçkünlər Azadlıq Radiosuna bildirmişdilər ki, polislərin xəsarət alması ilə bağlı məlumatlar şişirdilib. Üstəlik, onlardan da xəsarət alanlar var.
Sonradan daha 2 nəfər - Zaur Fehruzlu, Ülvi Quliyev eyni ittihamla həbs edilib.