Şəkidə etirazla üzləşən direktor işdən çıxarıldı

Müəllimlərin etirazı

Bir həftə əvvəl müəllim kollektivi və bəzi valideynlərin etirazları ilə qarşılanan Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin direktoru Rahim Salamov işdən çıxarılıb.

Bu barədə "Turan"a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.

Deyilib ki, Regional Təhsil İdarəsinin əməkdaşları həmin məktəbdə araşdırma aparıb və bir sıra nöqsanlara yol verildiyini aşkara çıxarıblar. Vurğulandığına görə, müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunub: "Nazirin müvafiq əmrinə əsasən, məktəbin direktoru işləmiş Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib".

Məsələyə, hələlik, direktorun özündən münasibət almaq mümkün olmayıb.

Şəkidə məktəbdə boykot

Şəkinin Cəfərabad kənd tam orta məktəbinin bir çox müəllimlərinin oktyabrın 4-də dərsləri boykot etdikləri deyilir. Üstəlik, həmin məktəbdə oxuyan bəzi şagirdlərin valideynlərinin də həmin aksiyaya qoşulduğu bildirilir.

Valideynlərin birinin "Turan"a verdiyi məlumata görə, boykotun səbəbi məktəbin direktoru Rahim Salamovdur. Onun vurğulamasına görə, R.Salamovla müəllimlər arasında dərs saatlarının verilməsinə görə narazılıq var.

Şikayətçi əlavə edir ki, bu səbəbdən müəllimlər dərsi normal keçmir: "Bəzi valideynlər buna görə öz uşaqlarını "dörd yol" deyilən yerdə yerləşən məktəbə verməyə məcburdurlar. Bu da əlavə yol pulu və xərc deməkdir. Üstəlik də, məktəb uzaqdadır deyə, valideynlər uşaqlardan narahat qalır. Kənddə məktəb varkən biz niyə uşaqları başqa məktəbə göndərməliyik?".

Valideyn deyir ki, ötən tədris ilinin sonunda direktor R.Salamov bu məktəbdən uzaqlaşdırılıb: "Tədris ilinin əvvəlində də deyilib ki, direktor əvəzi olacaq. Amma oktyabrın 3-də Rahim Salamov yenə məktəbə gəlib deyib ki, direktor mənəm".

Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbəri Mahal Məmmədov isə agentliyə bildirilib ki, deyilən məsələ ilə bağlı araşdırma aparılır və ictimaiyyətlə əlavə məlumat veriləcək.

Agentliyin xəbərinə görə, R.Salamovun özü isə şikayətlər ilə bağlı açıqlama vermək istəməyib.