'BP ilə günəş elektrik stansiyasıyla bağlı danışıqlar gedir'

Prezident İlham Əliyev "Qobu" Enerji Qovşağının açılışında. 11 fevral 2022

"Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini biz görürük. Nədə görürük? İlk növbədə onda ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar".

Bunu AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyev deyib. O, daha sonra da əlavə edib: "Keçən ay bu sahədə ən böyük şirkətlərdən biri – "Acwa Power" və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirildi, 240 meqavatlıq külək elektrik stansiyası gələn il istifadəyə verilməlidir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkəti ilə danışıqlar gedir günəş elektrik stansiyasının inşası ilə bağlı, hər iki layihə haradasa 400-450 meqavat gücündədir".

Rəsmilər hesab edir ki, Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa imkanlar açır. Azərbaycanda günəş şüalanmasının davamiyyəti 2400-3200 saata qədər müşahidə olunur.

Azərbaycan Energetika Nazirliyinin açıqlamasına görə, 2021-ci ildə ümumi elektrik enerjisinin istehsalı 2020-ci illə müqayisədə 2 mlrd. 44.8 mln. kVt/saat artaraq 27 mlrd. 856 mln. kVt/saat olub. Hesabat dövründə külək elektrik stansiyalarında (KES) 91.5 mln. kVt/saat, günəş elektrik stansiyalarında (GES) 55.2 mln. kVt/saat enerji istehsal edilib.