Avropaya nəql edilən qazla bağlı Bakıda toplantıdır

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı

Prezident: “Azərbaycanın qaz ehtiyatı 2,6 trilyon kubmetr”

“Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr.”
AZƏRTAC-ın xəbərinə görə, bunu fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Prezident İlham Əliyev deyib.

Onun əlavə etməsinə görə, yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub:

“ Əminəm ki, komandamızın üzvü olan Albaniyada öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək.”

Prezident deyib ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatı məlumdur: “ 2,6 trilyon kubmetr. Əlbəttə ki, ən böyük yataq “Şahdəniz”dir - bir trilyon kubmetr.”

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə çıxışnda deyib ki, ötən ilin dekabrından Trans-Adriatik Boru Xətti ilə Avropa bazarına təxminən 10 milyard kubmetr qaz nəql edilib.

***

"Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov ilə enerji sahəsində əməkdaşlıq haqqında çox yaxşı müzakirə apardıq". Bunu fevralın 4-də Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Kadri Simson P.Şahbazov ilə görüşdən sonra Twitter-də paylaşım edib. O qeyd edib ki, görüşdə həm qaz sektorunda, həm də bərpa olunan enerji sahəsində tərəfdaşlığı gücləndirməyə dair razılaşma əldə olunub.

Kadri Simson Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının iştirakçılarındandır. Onu nazirlə görüşdən əvvəl Prezident İlham Əliyev də qəbul etmişdi.

+++

Bu gün, fevralın 4-də Bakıdakı "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev də toplantıdadır. O, artıq tədbirdə çıxış edib.

Tədbirdə bəzi beynəlxalq təşkilat və ölkələrin nümayəndələri də iştirak edir.

Bu iclas bir sıra plenar sessiyalarla keçiriləcək.

Tədbirin sonunda nazirlərin 8-ci iclasının yekunlarına dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, bundan əvvəlki yeddinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib.

Cənub Qaz Dəhlizi layihəsinin 2018-ci ildə açılışı olub. Bu layihədə Azərbaycan qazı Avropaya nəql edilir. O, "Şahdəniz Mərhələ-II", Cənubi Qafqaz Boru Kəməri, TANAP (Trans Anadolu Qaz Xətti) və TAP-dan (Trans Adriatik Qaz Xətti) ibarətdir. Onun təqribən 33 milyard dollara başa gəldiyi bildirilib.