Cənubi Afrika Respublikasının parlamentində güclü yanğın

CAR parlamentində yanğın

Bazar günü Cənubi Afrika Respublikasının Keyptaundakı parlament binasında güclü yanğın baş verib. Hadisə yerindən çəkilmiş kadrlarda qara tüstü və alovun binanın damını bürüdüyü görünür.

Yanğının söndürülməsi üçün əraziyə onlarla yanğınsöndürən maşının cəlb olunduğu bildirilir. Xəsarət alanlar və yanğının hansı səbəbdən baş verdiyi barədə hələki hər hansı məlumat verilmir.

BBC-nin məlumatına görə, yanğın aparteid əleyhinə olan arxiyepiskop Desmond Tutunun dövlət dəfn mərasimindən bir neçə saat sonra başlayıb. Mərasim parlamentin yaxınlığında baş tutub.

France-Press agentliyi yanğının baş verdiyi parlament binasında çatlar əmələ gəldiyini yazır. Keyptaun şəhərindəki parlament binası üç hissədən ibarətdir. Ən qədim hissəsi 1884-cü ildə, digər ikisi isə ötən əsrin 20-80-ci illərində tikilib.