Cərimələrin bir qismi niyə prezident administrasiyasına gedir? [video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Cərimələrdən prezident administrasiyasına da pay gedir? [A-Live]

Azərbaycanda vətəndaşın ödədiyi cərimənin 5 faizi prezident administrasiyasının büdcəsinə, işçilərinin sosial durumunun yaxşılaşdırılmasına gedir.

Gələn il Azərbaycanda, müxtəlif mənbələrdən təqribən 311 milyon manat cərimənin yığılması gözlənilir.

Bunun da beş faizi - yəni, 15,5 milyon manatı prezident administrasiyası və prezidentin xüsusi tibb xidmətində işçilərin mükafatlandırılmasına xərclənəcək.

Bütün bunlar AzadlıqRadiosu-nun yeni araşdırmasında üzə çıxan məlumatlardır. Araşdırmaya görə alınan cərimələrdən prezident administrasiyasında hər bir əməkdaşa maaşından savayı il ərzində orta hesabla, təxminən 23 min manat əlavə pul veriləcək. Bu da, məsələn, Azərbaycanda əlillərə verilən müavinətdən təqribən 35 dəfə çoxdur. Əlillərə ildə təxminən 660 manat müavinət ödənir.

Buna da bax:​ Cərimələrdən Prezident Aparatının işçilərinə nə qədər düşür

Prezident administrasiyasına beş faizlik payın ayrılması ilə bağlı fərmanı prezident İlham Əliyev bu ilin mayında verib.

2017-ci ilin axırına qədər, Dövlət Yol Polisinin 85,4 milyon manat cərimə yığması nəzərdə tutulub. Bu məbləğin 5 faizi, yəni, 4,2 milyon manatı prezident administrasiyasının payına düşür. Yol polisi administrasiyaya ən çox cərimə pulu köçürən qurumdur.

2017-ci ildə Gömrük komitəsi topladığı rüsumlardan 2,3 milyon manatı prezident administrasiyasına köçürür.

Administrasiyanın hesabına həm də Dövlət Miqrasiya İdarəsinin topladığı cərimələrin, ASAN xidmətin, Ədliyyə nazirliyinin notarial kontorlarının dövlət rüsumlarının, Ekologiya nazirliyinin yığdığı cərimələri də 5 faizi də köçürülür.

Buna da bax:​ 'Yol polisinin danişmaq qadağasından sonrakı vəziyyət' [karikatura]

Bəs, cərimə ödəyənlər bu pulların hansı məqsədlə istifadə olunmasını istəyərdilər? Suala Bakı sakinləri cavab verir.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu dövlət komitəsinin hakim YAP-dan olan üzvü Rövşən Rzayev AzadlıqRadiosu-na deyib ki, tənqidlərə, məsələni öyrənəndən sonra münasibət bildirəcək.

Hüquqşünas Ərşad Hüseynov isə cərimələrin məbləği əhalinin cibinə uyğun olmamasına diqqət çəkir. Onun fikrincə, üstəlik, artan cərimələrin durumu düzəldib-düzəltməməsi ilə bağlı əminlik yoxdur, aparılan statistika aydın deyil:

Ərşad Hüseynov

Buna da bax:​ Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'

"İnzibati Xətalar Məcəlləsi yeni qəbul olunanda yol hərəkəti qaydaları pozulmasına görə piyadaların cərimələnməsi 3 manat 30 qəpik idi, indi 6 dəfə artıb, 20 manat olub. Amma 17 il qabaq ildə bir neçə piyada məsuliyyətə cəlb olunardısa, indi 100 mini keçib".

Ərşad Hüseynov isə təklif edir ki, cərimələri artırmaqdansa, vətəndaşlara hüquq başa salınsın, maarifçilik tədbirləri artırılsın.

Bəs ödənilən cərimələrin bir qisminin prezident administrasiyasına verilməsi niyə normal səslənmir?

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, bu halda ölkənin ən nüfuzlu hakimiyyət qurumu vətəndaşın ödədiyi cərimələrdə birbaşa paya sahib olur. Beləliklə də administrasiyanın məmurları daha çox cərimə toplanmasında maraqlı olurlar:

Ələsgər Məmmədli

"Dövlət qurumu bu halda bir növ pozuntuların önlənməsində yox, vətəndaşın daha çox cərimələnməsində və daha çox cərimə növünün tətbiq edilməsində maraqlı olur. Çünki birbaşa maraqlı tərəfdir. Cərimələrdən toplanan vəsait dövlət büdcəsinə yox, onun özünün büdcəsinə köçürülür".

Buna da bax: Camal kişi: 'Qocalanda heç kimə möhtac qalmamaqçün mənim kimi yaşa'

Bir neçə il əvvəl Prezident İlham Əliyev ölkədə aparılan antikorrupsiya kampaniyası çərçivəsində yığılan cərimə və rüsumların bir hissəsinin o pulları toplayan təşkilatlarda qalmasına dair sərəncamlar imzalamışdı. Amma hakimiyyətin tənqidçiləri deyirlər ki, əslində bütün cərimələr dövlət büdcəsinə toplanmalı, oradan da xalqın təmsilçiləri olan deputatları təsdiq etdiyi büdcə üzrə dövlət qurumlarına xərclər ayrılmalıdır. Belə olan halda, qərarların qəbuluna daha çox təsir imkanı olan dövlət qurumları cərimə və rüsumların artırılmasında da birbaşa maraqlı olmazlar.