Ceyhun Bayramov həmsədrlərlə danışıb

Ceyhun Bayramov

Bugün, fevralın 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə video-konfrans formatında görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti məlumat yayıb.

Məlumatda yazılıb ki, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların;n icrası ilə bağlı məsələləri müzakirə ediblər:

“Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün etimadın bərpa olunması və əmin-amanlıq şəraitində birgəyaşayışın həyata keçirilməsinin vacibliyi vurğulanıb.”

Üçtərəfli bəyantlar deyiləndə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında ötən il noyabrın 10-u və bu il yanvarın 11-də qəbul edilən birgə sənədlər nəzrdə tutulur.2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə əsasən regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Buna da bax: Erməni politoloq: “Razılaşmaların icrasını, məncə Rusiya yavaşıdır”

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.