Noyabrın 15-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Birliyi (AB) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, o, iclasda çıxış da edib.
"Nazir münaqişə sonrası bölgədə yaranan yeni reallıqlar, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və bir milyondan çox azərbaycanlının fundamental hüquqlarının bərpa edilməsi barədə danışıb", - nazirliyin məlumatında yazılıb.
O, dayanıqlı sülh, inkişaf və tərəqqinin Azərbaycanın gələcək vizyonunun əsasını təşkil etdiyini, bu xüsusda üçtərəfli bəyanatların tam icrasının mühüm olduğunu vurğulayıb.
Məlumata görə, nazir bölgədə bütün kommunikasiyaların açılmasının da əhəmiyyətindən bəhs edib: "Yeni mərhələdə minadan təmizləmə, kommunikasiyaların açılışı, ölkələr arasında yaxşı qonşuluq münasibətlərinin yaradılması üçün etimad quruculuğu tədbirlərini özündə ehtiva edən postmünaqişə siyasi və maliyyə dəstəyinin AB-nin yardımçı ola biləcəyi sahələr sırasında olduğu qeyd edilib".
Azərbaycan Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Belarus) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir. Belarusla isə əməkdaşlıq tam dayanıb.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada yeni üçtərəfli bəyanat imzalanıb. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.