Nazir Səudiyyə Ərəbistanını Qarabağda bərpa işlərinə dəvət edib

C.Bayramov

C.Bayramov

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində bu ölkənin investisiya naziri, eləcə də iki ölkə arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb. Xəbəri Xarici İşlər Nazirliyi yayıb.

Bildirilir ki, C.Bayramov iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və enerji, kənd təsərrüfatı, turizm və mədən sənayesi sahələrində əməkdaşlıq imkanlarını qeyd edib.

Nazir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işləri və infrastruktur layihələrindən danışaraq, Səudiyyə Ərəbistanını da bu prosesdə iştiraka dəvət edib.

Xalid Əl-Falihin isə Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda gerçəkləşdirilən layihələrdə iştirakda maraqlı olduğunu, bu məsələnin Hökumətlərarası Müştərək Komissiyanın növbəti iclasında müzakirə olunacağını bildirdiyi qeyd edilir.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Artıq bəzi regionlarda bərpa işləri başlanıb.