Ceyhun Bayramov Viktoriya Nulandla görüşüb

C.Bayramov və V.Nuland

Dünən, sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sentyabrın 22-də məlumat yayıb.

Məlumata görə, tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında ümumi fikir mübadiləsi aparıblar.

Buna da bax: Bayden erməni əsirləri buraxmağa çağırır

XİN-in bildirməsinə görə, ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı yüksək dəyərləndirib: "Tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bu xüsusda konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib".

Məlumata görə, görüşdə bölgənin sülh şəraitində gələcək inkişafı üçün kommunikasiyaların açılışının və dövlət sərhədlərinin delimitasiyasının vacibliyi vurğulanıb: "Görüşdə tərəflər, habelə… iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər".

Buna da bax: Səfir: 'Dağlıq Qarabağın statusunun həll olunduğunu hesab etmirik'

ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də başlayıb. Sessiya sentyabrın 27-də başa çatmalıdır. Onun əsas müzakirə mövzularından biri Əfqanıstandakı vəziyyətdir. Ötən ay Əfqanıstanda "Taliban" hərəkatı silahlı yolla hakimiyyətə gəlib. Ölkədə humanitar problemlərin kəskin hal aldığı bildirilir.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.