Yanvarın 7-də səhər saatlarında Çinin Tibet Muxtar Rayonunun Tinqri bölgəsində güclü zəlzələ baş verib. Xəbəri "Sinxua" dövlət agentliyi yayıb. Çinli yetkililərin bildirdiyinə görə, hələlik, 95 nəfərin öldüyü və 130 nəfərin yaralandığı barədə bilgi var.
Çin Seysmoloji Şəbəkə Mərkəzinin məlumatına görə, bu, son beş ilin ən şiddətli yeraltı təkanlarıdır.
ABŞ Geoloji Xidməti zəlzələnin 7.1 bal gücündə olduğunu bildirib.
"Reuters" xəbər verir ki, yeraltı təkanlar qonşu Nepal, Butan və Hindistanda da hiss edilib.
Yerli hakimiyyət orqanları mindən çox evə ziyan dəydiyinə diqqət çəkib. Dağıntılar altında qalanların axtarışına 1500-ə yaxın adam qatılıb. Çinin Tinqri əyalətində xilasetmə işləri soyuq hava üzündən çətinləşib. İndi orada 8-dərəcə şaxta var və havanın 18 dərəcə şaxtayadək soyuyacağı bildirilir.