Çinin şimal-qərbində zəlzələ azı 116 nəfərin həyatına son qoyub, 300-dən çox insan xəsarət alıb. Bu haqda Çinin dövlət mediası məlumat yayıb.
Zəlzələ gecə saatlarında Qansu əyaləti yaxınlığında olub. Son məlumatlara görə, bu əyalətdə ölü sayı 105-ə çatıb, qonşu Tsinxay əyalətində isə 11 nəfər həlak olub.
Hər iki bölgədə evlərə, infrastruktur obyektlərinə ziyan dəyib. Yalnız Qansu əyalətində beş minə yaxın evin dağıldığı bildirilir. Bəzi rayonlarda enerji və su təchizatı sistemləri dağılıb. Fəlakət zonasına ümumilikdə min 500-ə yaxın yanğınsöndürən və xilasedici göndərilib.
Ölkə lideri Si Cinpin qurbanların sayını minimuma salmaq üçün irimiqyaslı axtarış əməliyyatları elan edib.
ABŞ Geoloji Xidmətinin bilgisinə görə, zəlzələnin gücü 5.9 balı, episentrdə dərinlik 10 km olub.
Çin tektonik layların olduğu regionda yerləşir.
Çində son illərin ən dağıdıcı zəlzələlərindən biri 2008-ci ildə Sıçuan əyalətində baş verib, azı 87 min nəfər həyatını itirib.