Xaricidə həbs edilənlərin ölkəyə gətirilmə xərcləri onlardan tutula bilər

Azərbaycandan kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxslərin tutulub ölkəyə gətirilməsi ilə bağlı xərcləri həmin şəxslərin özləri ödəməli olacaqlar.

Milli Məclis bununla əlaqədar, dünən, oktyabrın 30-da Cinayət-Prosessual Məcəlləyə müvafiq dəyişiklikləri birinci oxunuşda qəbul edib. Qanun layihəsinin mətni parlamentin saytına daxil edilib.

Layihədə Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əlavələr edilməsi nəzərdə tutulur.

Məcəllənin 197-ci maddəsi “Məhkəmə məsrəfləri” adlanır. Həmin maddədə ödənilməsi məhkəmə qərarı ilə məhkumların üzərinə qoyula bilən məsrəflərin siyahısı verilir. Bundan sonra təqsirləndirilən şəxslərin xaricdən ölkəyə gətirilməsi xərcləri də məhkəmə məsrəfi hesab olunacaq.

Məcəlləyə 197.1.9-сu maddə əlavə edilir.

Orada Azərbaycan ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərclər də öz əksini tapır.

Bu isə hüquqşünasların fikrincə, artıq bu dəyişikliyin qəbulundan sonra xaricdə tutulub gətirilmə xərclərinin şəxsin üzərinə qoyulacağı anlamına gəlir.

Əslində, bu dəyişikliyə qədər də Azərbaycanın cinayət-prosessual qanunvericiliyinə görə, məhkəmə məsrəfləri məhkumun üzərinə qoyula bilər.

Şübhəli, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə, mütəxəssisə, ekspertə və sair məsələlərə çəkilən xərclər məhkəmə məsrəfi hesab edilir. Həmin məsrəflər məhkəmənin qərarı ilə məhkumdan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilir.

Məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, məhkəmə onu xərclərdən tam və ya qismən azad edə bilər.

Sadəcə olaraq indi Azərbaycandan kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxslərin məsələsi də qanunvercilikdə xüsusi olaraq öz əksini tapır.