Co Baydenə koronavirus vaksini vuruldu

Co Baydenə vaksin vurulur

ABŞ-da prezident seçilmiş Co Bayden dekabrın 21-də COVID-19 virusundan vaksinin ilk dozasını vurdurub.

Ona peyvəndi doğma ştatı Delaverdəki xəstəxanada ediblər.

Bayden deyib ki, o peyvəndi bilərəkdən ictimaiyyət qarşısında etdirib və adamları peyvənd edilməyə hazır olmağa çağırıb.

Prezident seçilmiş Bayden deyib ki, peyvənddən narahat olmağa dəyməz.

78 yaşlı Baydenə Pfizer və BioNTech şirkətlərinin hazırladıqları vaksini vurublar.

O yaşına görə koronavirus xəstəliyinin risk qrupuna düşür.

Buna da bax: Vaksin xəbərləri: Avropa İttifaqı kütləvi peyvəndə yaşıl işıq yandırdı

Trampa “təşəkkür düşür”

Bayden bunu da bildirib ki, vaksin proqramını başlatdığına görə Donald Tramp administrasiyasına təşəkkür düşür.

Birləşmiş Ştatlarda COVID-19-dan ölənlərin sayı 318 mini keçib. ABŞ-da virusa yoluxanların sayı 18 milyona yaxınlaşıb.

Bayden bildirib ki, o, koronavirus pandemiyasına qarşı mübarizəni öz administrasiyasının prioritetinə çevirəcək.

Media xəbərlərinə görə vitse-prezident seçilmiş Kamala Harrisin gələn həftə peyvənd olunacağı gözlənilir.

Bayden deyib ki, onun xanımı Cill qarşıdan gələn bir neçə gündə peyvənd ediləcək.

Bayden bunu da bildirib ki, o, həmvətənlərinin ekspertlərin məsləhətlərinə qulaq asacaqlarına və Milad və Yeni il bayramlarında maska taxacaqlarına ümid edir.

Prezident seçilmiş Bayden amerikalılara müraciətlə deyib ki, təcili ehtiyac olmadan heç yerə səfər etməsinlər.