Kluni Fondu Rusiyada 'arzuolunmaz' elan edilib

Amal və Corc Klunilər

Rusiya Baş Prokurorluğu aktyor Corc Kluninin (George Clooney) fondunu "arzuolunmaz" təşkilat elan edib. Bu barədə fond sosial media hesablarında yazıb.

Baş Prokurorluq hesab edir ki, təşkilat Rusiyanın nüfuzdan salınmasına yönəlik iş aparır, "ölkəni tərk etmiş yalançı vətənpərvərləri", "qadağan olunmuş ekstremist birlik və terrorçu" təşkilat iştirakçılarını dəstəkləyir.

Ədalət uğrunda Kluni Fondu (Clooney Foundation for Justice) 2016-cı ildə məşhur Hollivud aktyoru C.Kluni və həyat yoldaşı, insan haqları vəkili Amal Kluni tərəfindən yaradılıb. Təşkilatın saytında deyilir ki, fond 40 ölkədə fəaliyyət göstərir, insan haqlarının kütləvi pozuntuları ilə bağlı dəlil toplayır, qurbanlara pulsuz hüquqi yardım göstərir, cinayətkarların məsuliyyətə cəlb olunması üzərində işləyir.

Ukraynada törədilən cinayətləri araşdırır

"Biz Ukraynada törədilmiş hərbi cinayətləri fəal təhqiq edir, qadınlara və jurnalistlərə qarşı saxta məhkəmələri izləyir, hakimiyyətə həqiqəti deyənləri cəzalandırmağa çalışan qlobal avtoritarizm tendensiyası ilə mübarizə aparırıq", – saytda qeyd edilir.

2023-cü ilin payızında fond Almaniya prokurorluğuna Ukraynada rusiyalı hərbçilərin törətdiyi iddia olunan cinayətlərin araşdırılması xahişi ilə müraciət edib. Şübhəlilərin – Rusiya ordusu komandirlərinin həbsinə order istənilib.

Söhbət konkret üç cinayətdən gedir. Birincisi – 2022-ci il iyulun 1-də Odessa vilayətinin "X-22" raketləri ilə atəşə tutulmasıdır. İkinci cinayət Kiyev vilayətində törədilib. Vəkillər, hələlik, adları açıqlanmayan kişi qurbanların hüquqlarını təmsil edir. Onlara Rusiya işğalçı qüvvələrinin işgəncə verdiyi bildirilir. Bir kişi öldürülüb, işdə onun qohumları təmsil olunur.

Almaniya prokurorluğuna təqdim olunan üçüncü iş Xarkov vilayətində baş verən hadisə ilə bağlıdır. Orada Rusiya hərbçiləri üç mülki kişini saxlayıb, işgəncə verərək öldürüblər. Onlardan birinin meyiti İzyum işğaldan zad ediləndən sonra oradakı qardaşlıq məzarlığında tapılıb.

Kluni Fondu "qanunsuz öldürülən" üç nəfərin ailələrinin maraqlarını təmsil edir.