Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 181 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 29-da habelə verilən məlumata görə, bu virusla bağlı analiz nümunələri müsbət çıxan 5 nəfər də vəfat edib.
Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 574-ü sağalıb, 5019-ı vəfat edib, aktiv xəstə sayı 4 955-ə yüksəlib.
Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10 423, indiyə qədər isə ümumilikdə 4 014 073 test icra olunub.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.