Niyə koronavirus kişi, COVID-19 qadın cinsindədir?

The Independent qəzeti yazır ki, Fransada dil məsələlərinə rəhbərlik edən rəsmi qurumun qərarına görə COVID-19 akronimi qrammatik baxımdan qadın cinsinə aiddir.

Fransız dilində də rus dilində olduğu kimi cins kateqoriyası var və isimlər müəyyən qrammatik əlamətlətinə görə kişi və qadın cinslərinə aid edilir.

Fransiz Dili Akademiyası (Académie Française) bildirib ki, bir çoxlarının koronavirusu “le Covid-19” adlandırmasına baxmayaraq “la Covid-19” virusun düzgün adıdır.

Fransız dilində ismin kişi və qadın cinsinə aid olmasının göstəricisi “le” və “la” artiklləridir.

Üzvlərinə el arasında “ölümsüzlər” deyilən bu şura Fransız dilinə aid bütün mübahisəli problemlər barədə hökmlər çıxarır.

Şura üzvləri deyiblər ki, qısaldılmış sözlərdə - akronimlərin cinsini bu akronimə daxil əsas sözün cinsi müəyyən edir. Akademiyanın hökmündə deyilir:

“Biz deməlıiyik ki, “la Covid-19” sözü fransız dilində xəstəliyi bildirən “maladie” sözünə ekvivalentdir və onun kimi qadın cinsinə aid edilməlidir”.

Buna da bax: "Fransız dili öyrənməzdən əvvəl bir düşün"

FTB kişi, MKA qadın cinsindədir

Şura bu hökmündə xarici dillərdən alınmış başqa akronimlərin də cinsinin müəyyən edilməsindən misal gətirib.

Məsələn ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) fransız dilində “le FBI”, amma Mərkəzi Kəşfiyyat Agentliyi (MKA) “la CIA” kimi verilir. Deməli birincisi kişi, ikincisi isə qadın cinsinə aid edilib.

Académie Française izah edib ki, FBI fransızcaya “bureau fédéral d’enquête” kimi tərcümə olunur və burada əsas söz büro – “le bureau” sözüdür.

Amma CIA fransızcaya “agence centrale de renseignement” kimi tərcümə olunur və burada əsas söz – agentlik – “l’agence” sözüdür.

Lakin məsələnin paradoksallığı bundadır ki, “le COVID-19” virusunun aid olduğu viruslar tipi – “le coronavirus” kişi cinsindədir.

Nə olursa olsun, Fransada 40 üzvü olan dil akademiyasının hökmü məhkəmə hökmü qədər keçərlidir və bundan sonra fransızlar COVID-19-u qadın cinsinə aid olan söz hesab etməli olacaqlar.

Dil öz yerində, amma Fransa koronavirus pandemiyasının ən sərt vurduğu ölkələrdən biri olub.

Burada mayın 14-ə olan məlumata görə COVID-19-a 178 min kişi və qadın yoluxub və onlardan 27 mini vəfat edib.