Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 min 736 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 435 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 12 nəfər də vəfat edib.
Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 354 min 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 min 771-i sağalıb, 5 min 84-ü vəfat edib, aktiv xəstə sayı isə 13 min 807-yə yüksəlib.
Son həftələr həm bu virusa yoluxma, həm də bu virusun aşkarlandığı insanlar arasında ölüm hallarının artdığı bildirilir. Dünən avqustun 9-da 1 min 101 yeni yoluxma faktının qeydə alındığı, analiz nümunələri müsbət çıxan 9 nəfərin də vəfat etdiyi açıqlanmışdı.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.