Son həftələr Azərbaycan hakimiyyəti ölkədə qalan azsaylı müstəqil media orqanlarına davamlı təzyiqlər fonunda 11 jurnalistə qarşı həbs-qətimkan tədbirini uzadıb. Bunu Jurnalistləri Müdafiə Komitəsi (CPJ) iyulun 11-də yaydığı bəyanatda bildirir.
Qeyd olunur ki, noyabrdan bəri Qərbdən donor pulu ilə əlaqəli valyuta qaçaqmalçılığı ittihamı ilə dörd media orqanını təmsil edən 13 media işçisi saxlanılıb. Bu ittihamlar Azərbaycanın Qərblə münasibətlərində geriləmə yaşandığı, ölkənin noyabrda COP29 iqlim konfransına hazırlaşdığı dönəmdə irəli sürülüb.
"Azərbaycan jurnalistləri susdurmaq və qorxutmaq taktikası kimi həbsləri və səyahət qadağalarından istifadəni dayandırmalıdır. Hakimiyyət ittihamların hamısını və onların hərəkətinə məhdudiyyətləri aradan qaldırmalı, həbsdə olanları dərhal azad etməlidir", -- CPJ-nin Nyu-Yorkda proqram direktoru Karlos Martines de la Serna bildirib.
İyunun 10-dan bəri araşdırmaçı jurnalist Hafiz Babalı, ToplumTV-nin video redaktoru Müşfiq Cabbar, ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli, Kanal13-ün direktoru Əziz Orucov, Kanal13-ün jurnalisti Şamo Eminov, meclis.info-nun təsisçisi İmran Əliyev, AbzasMedia-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə meneceri Məhəmməd Kekalov, jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımovanın həbs müddətləri uzadılıb.
CPJ qeyd edir ki, hakimiyyət Ə.Məmmədlinin müvafiq tibbi müayinədən keçməsi üçün ev dustaqlığına buraxılmasına dair vəkillərinin çoxsaylı vəsatətlərini rədd edib.
Səyahət qadağaları
Bundan başqa, dindirmələr də davam edir. arqument.az xəbər saytının başçısı, ToplumTV-nin keçmiş jurnalisti Şəmşad Ağa iyulun 5-də "ToplumTV işi" çərçivəsində dindirilib. Jurnalistə səyahət qadağası qoyulduğu bildirilib. CPJ azı 20 jurnalistin də ölkədən çıxışına qadağa qoyulması, bəzilərinin bank hesablarının dondurulması haqda məlumatları araşdırdığını deyir.
Bu ilin fevralında beşinci müddətə prezidentliyini təmin etmiş prezident İlham Əliyev isə həbslərdən dolayı tənqidləri qəbul etmir. O deyir ki, Azərbaycan media mühitini "xarici neqativ" təsirlərdən qorumalıdır, xaricdən "qanunsuz" maliyyə əldə edən media təmsilçiləri qanun çərçivəsində saxlanılıblar.
CPJ qeyd edir ki, həbs-qətimkan tədbirlərinin uzadılması və səyahət qadağaları barədə Daxili İşlər Nazirliyinə, Ə.Məmmədlinin tibbi müayinəsi haqda Penitensiar Xidmətə e-mail göndərib, ancaq cavab almayıb.
Hakimiyyət sözügedən həbslərin siyasi motivli olmadığını bildirsə də, həbs olunan jurnalistlər təzyiqin arxasında peşə fəaliyyətlərini görürlər.