Arzuman Qurbanov sərbəst buraxılıb

Arzuman Qurbanov

«Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Arzuman Qurbanov noyabrın 9-u axşam Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən buraxılıb».

Bunu AzadlıqRadiosuna AXCP-dən bildiriblər.

Partiyadan deyiblər ki, A.Qurbanov özü keçmiş polis işçisidir və idarədə fiziki təzyiqlə üzləşmədiyini söyləyib.

AXCP-dən verilən məlumata görə, idarədə onun haqqında əvvəlcə cinayət işi açılacağı vurğulansa da, sonradan bundan imtina edilib.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

+++

Noyabrın 8-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ağstafa rayon şöbəsinin fəalı Arzuman Qurbanovun saxlandığı bildirilir.

AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, onu Sınıq Körpü sərhəd keçid məntəqəsində polis saxlayıb.

Partiyadan bildirildiyinə görə, Arzuman Qurbanov ailə üzvlərinə zəng edərək deyib ki, onu saxlayıb Qazax Rayon Polis Şöbəsinə aparırlar:

"İndi ondan hər hansı bir məlumat yoxdur. Arzuman bəy sosial şəbəkədə fəaldır, hakimiyyəti tənqid edən yazıları ilə seçilir. Həm də son etiraz aksiyalarında da fəallıq göstərib. Ona görə də düşünürük ki, Arzuman Qurbanovun saxlanması onun siyasi fəaliyyəti ilə bağlıdır".

Bu deyilənlərə, hələlik, Qazax Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq vurğulayırlar ki, ölkədə heç kim dinc siyasi faliyyətinə və tənqidi mövqeyinə görə təzyiqlərlə üzləşmir.