Demokratiya -1918 (D-18) hərəkatının İdarə Heyətinin həbsdə olan üzvü Afiyəddin Məmmədov deyir ki, Bakı şəhər Baş Polis İdarəsində işgəncələrə məruz qalıb. Məqsəd ondan telefonuna daxil olmaq üçün giriş parolunu öyrənmək olub.
“İdarənin Orxan adlı əməkdaşı başıma yumruqla vururdu. Azı 10-15 zərbə vuruldu. Zərbələrdən yıxıldım, yenə əl çəkmədilər. Yerdə də üzümə şapalaq vururdular…”, – Məmmədovun sözləridir.
Buna da bax: Hərəkatın daha bir üzvü həbs edilibNoyabrın 23-də Bakı Apellyasiya Məhkəməsində onun haqqındakı 30 sutkalıq inzibati həbs qərarından verilmiş şikayətə baxılıb. Məhkəmədə çıxış edən siyasi fəal deyib ki, polisə müqavimət göstərməsi haqda həbs qərarında yazılanlar yalandır. Onun sözlərinə görə, D-18 hərəkatının başqa bir üzvü, kuryer Orxan Zeynalov həbs olunduğu günlərdə onun yeri haqda heç bir məlumat verilmirdi. O da noyabrın 11-də "Toplum.tv" internet kanalına müsahibəsində bildirib ki, əgər Zeynalovun yeri məlum olmasa, etiraz aksiyası keçirəcək. Bundan bir neçə saat sonra - axşam 22.00 radələrində metronun "Əhmədli" stansiyasından çıxıb, dostu ilə birlikdə evə gedəndə 6 nəfər mülki geyimli şəxs onları saxlayıb, Bakı şəhər Baş Polis İdarəsinə aparıb.
Buna da bax: Vəkil: 'Gəncə polisində belə hal tez-tez olur...'“Cəmi 10-15 dəqiqə məhkəmə oldu”
Məmmədov həm də "İşçi Masası" Həmkarlar İttifaqı Koalisiyasının yaradıcısı və sədridir. O deyir ki, Bakı şəhər baş polis idarəsindəki işgəncələrdən sonra gecə saatlarında onu Xətai rayonu 37-ci polis bölməsinə gətiriblər. Orada protokol tərtib edilib ki, Məmmədov polisin qanuni əmrinə tabe olmayıb, avtomobilin şüşəsini sındırıb. Bu ittihamla da noyabrın 12-də Xətai rayon Məhkəməsində hakim qarşısına çıxarılıb, ona 30 günlük inzibti həbs cəzası kəsilib:
"Cəmi 10-15 dəqiqə məhkəmə oldu, heç nə araşdırılmadı. Mənə nə vəkil verildi, nə yaxınlarıma xəbər verməyə imkan yaradıldı..."
Lakin Bakı Apellyasiya Məhkəməsi də onun şikayətinə baxmayaraq, 30 günlük həbs qərarını dəyişməyib.
Onun vəkili Zibeydə Sadıqova AzadlıqRadiosu-na bildirib ki, həbs qərarından Avropa Məhkəməsinə şikayət göndəriləcək.
Buna da bax: Rusiyada AzadlıqRadiosunun jurnalisti axtarışa verilibSatirik yazının ertəsi günü saxlanıb
Məmmədov bir müddət öncə "Wolt” daşıma şirkətinin kuryerlərinin boykotunun təşkilatçılarından idi. Orxan Zeynalov da bu şirkətdə kuryer işləyib. O, velosipedinin oğurlanması şikayətilə məhkəməyə müraciət edib. Bir müddət sonra sosial media hesabında polisin onun şikayətini araşdırmamasından narazılıq edib və polisin rüşvət alması ilə bağlı satirik yazı yazıb. Bu yazının ertəsi günü – noyabrın 10-da həbs olunub. Onun ailə üzvləri mediaya evdən aparıldığını bildirib və bir müddət Zeynalovun həbsi, harada saxlanması haqda yaxınları heç bir xəbər tuta bilmədiklərini deyiblər. Sonradan ona polisə müqavimət ittihamıyla 30 sutka inzibati həbs cəzası verildiyi məlum olub.
Daxili İşlər Nazirliyi indiyədək saxlananlara işgəncə verilməsi iddialarını təkzib edib. Rəsmilər ölkədə dinc siyasi fəaliyyətə basqılarla bağlı deyilənləri də rədd edirlər.