Cəbhəçinin cərimələndiyi deyilir

Bu gün, avqustun 27-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Qorxmaz Əliyevin Abşeron Rayon Məhkəməsində hakim önünə çıxarıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat veriblər. Partiyadan bildirildiyinə görə, o, məhkəmənin qərarı ilə 200 manat cərimələnib: «Qorxmaz Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddəsinin pozulmasında təqsirli bilinib».

Q.Əliyev özü isə AzadlıqRadiosuna deyib ki, o, heç bir pozuntuya yol verməyib: «Heç bir pozuntum olmayıb. Mən qəbiristanlıqda yerlərin satılması barədə çəkiliş edirdim. Ona görə, məni şərlədilər».

Q.Əliyev bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti verəcək.

Q.Əliyevin bu açıqlamasına, hələlik, məhkəmədən, Abşeron rayon polisi və icra hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Daha bir cəbhəçinin saxlandığı bildirilir

Avqustun 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron şöbəsinin üzvü Qorxmaz Əliyevin yerli polisə aparıldığı bildirilir. Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.

Partiyadan vurğulayıblar ki, Qorxmaz Əliyev dünən, avqustun 25-də evə buraxılsa da, bu gün, avqustun 26-da səhər saatlarında yenidən polis idarəsinə aparılıb:

"Bizdə olan məlumata görə, o, avqustun 27-də məhkəmə qarşısına çıxarılacaq. Onun rəsmən nədə ittiham edildiyi, hələlik, bilinmir. Qorxmaz Əliyev ikinci qrup əlildir".

Partiyadan əlavə ediblər ki, Qorxmaz Əliyev bir neçə gün əvvəl Xırdalan qəbristanlığında çəkiliş aparıb.

AXCP-dən bildirildiyinə görə, Xırdalan şəhərinin (Abşeron rayonunun mərkəzi) bir qrup sakini bu günlər sözü gedən qəbristanlığa toplaşıblar.

Verilən məlumata görə, orada qeyd edilib ki, bəzi qəbir daşları sındırılıb. Partiyadan verilən məlumata o da vurğulanıb ki, bu, həmin qəbirlərin yerlərinin satılacağı niyyəti ilə izah edilib.

Sosial şəbəkələrdə yayılan video görüntülərə görə də, toplantı iştirakçıları üzləşdikləri mənzərəyə görə, rayon rəhbərliyini günahlandırıblar.

AXCP-dən verilən bu açıqlamaya, hələlik, Abşeron Rayon Polis İdarəsi və rayon icra hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

AXCP-dən verilən məlumata görə, təkcə ötən həftə ərzində partiyanın daha 5 fəalı saxlanaraq inzibati qaydada həbs edilib. Onlara müxtəlif ittihamlarla 10-60 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

AXCP saxlanan üzvlərinin hamısının siyasi mövqelərinə görə, şərləndiyini iddia edib.Amma bu açıqlanan rəqəmi də rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Üstəlik, Azərbaycan rəsmiləri, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların fikrincə, ölkədə heç kim dinc, siyasi fəaliyyətinə və tənqidi fikirlərinə görə, təzyiqlərlə üzləşmir.