Dam örtüklərinə ayrılan pulun mənimsənildiyini deyirlər

Arxiv foto

Sentyabrın 20-də Sumqayıt şəhərin 2-ci mikrorayonun bəzi sakinlərinin aksiya keçirməyə cəhd etdikləri bildirilir.
Bu barədə yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, yaşadıqları evlərin dam örtüklərinin dəyişməsinə ayrılan pul mənimsənilib.

"İki ay əvvəl gəlib evlərin damlarını sökdülər, şiferi yığıb apardılar. Dedilər ki, tez bir zamanda gəlib təzə damları vuracaqlar. O gedən gedilib. Bundan sonra 3 dəfə yağış yağıb, bütün ev su içindədir", - deyə sakinlərdən biri bildirib.

Buna da bax: Dam örtüklərinə xərclənən milyonlar

Sakinlər vurğulayıb ki, məsələ ilə bağlı həm Mənzil-kommunal istismar İdarəsinə və həm də Sumqayıt şəhər İcra Hakimiyyətinə yazılı müraciət ediblər.

"Gəlib dedilər ki, bir aya məsələ həllini tapacaq. Artıq sentyabrın sonudur, yağışlar başlayır, məsələ isə həll olunmur. Əziyyət çəkən bizik. Bir balaca yağış yağan kimi, damdan su axır, otaqlar, hamam otağı pis vəziyyətdədir. Kim əmr verib söküb, indi gəlsin düzəltsin", - deyə yerli sakinlər qeyd ediblər.

Sakinlərin şikayətinə, hələlik, Sumqayıt Şəhər İcra Hakimiyyəti və başqa uygun qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Bu il sentyabrın 18-də prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.

Bu, 2019-cu ildə Azərbaycanda binaların dam örtüklərinin təmiri ilə bağlı ilk sərəncam deyil. Fevralın 4-də isə 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 21 milyon 685 min 830 manat vəsaitin Gəncə, Sumqayıt, Şəki, Şirvan, Qazax şəhər və rayonlarının icra hakimiyyətlərinə ayrılması ilə bağlı sərəncam verilib.