Azərbaycan və Ermənistan komissiyaları yenə sərhəddə görüşüblər

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan  baş nazirinin müavini Mher Qriqoryan

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının 7-ci görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, görüş sərhəddə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında gerçəkləşib.

Açıqlamaya görə, tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb. Həmçinin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıblar:

“Habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Tərəflər Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər.”

Tərəflərin eyni zamanda komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəldikləri vurğulanır.

Hər iki ölkənin dövlət komissiyalarının bundan əvvəlki görüşü fevralın 1-də gerçəkləşmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.