Rusiyada koronavirusdan ölümlərin artması əlavə qadağalara səbəb olur.
Moskvada iyulun 6-da 737 ölüm halının, ümumilikdə isə 23 mindən artıq yoluxmanın qeydə alındığı bildirilib.
İyunun əvvəlində gündəlik 9 min civarında yoluxma aşkarlanırdısa, bu həftə bu rəqəm 23 mini keçib. Amma rəsmilər lokdaun planları olmadığını deyirlər.
Səyahət edənlər üçün qaydalar dəyişdirilib. İyulun 7-dən vaksin olunmayanlar və yaxınlarda xəstəliyi keçirməyənlər ölkəyə girəndən üç gün ərzində test verməli, nəticələr alınanadək özlərini təcrid etməlidirlər.
Buna da bax: MQİMO-da peyvənd tələbi
Rumıniya, Sidney
Rumıniyada vaksinasiyaya tələb azaldığından hökumət 117 vaksin mərkəzini bağlayıb, 371-də isə iş saatlarını azaldıb.
Mayın ortasında ölkədə günə 120 min civarında vaksin vurulurdusa, son bir həftədə 20 mindən də aşağı düşüb. Ölkədə son həftələr gündəlik yoluxma sayı da rekord azalır. Amma rəsmilər delta ştammının yoluxmalarda artıma səbəb olacağını deyib.
Ölkənin 19 milyondan artıq əhalisinin cəmi 24 faizinə vaksin vurulub.
Buna da bax: Delta variantı və vaksinlilərin xəstələnməsi
Sidneydə 5 milyondan çox əhalini delta ştammı ucbatından daha bir həftə qismən lokdaun rejimində yaşayacaq. Ölkədə daha 27 yeni yoluxma aşkarlanıb.
İki həftədir Avstraliyanın ən böyük şəhərinin sakinlərinə evdə qalmaqla bağlı göstəriş verilib.
“Bu delta ştammı oyunpozandır, həddən artıq yoluxucudur”, – Nyu Saus Uels vilayətinin baş naziri Qleydis Berejiklian deyib. Onun sözlərinə görə, məktəblərin qapadılması da daxil olmaqla lokdaun rejiminin uzadılması ən yaxşı seçimdir.
İndiki lokdaunun iyulun 16-da başa çatacağı gözlənir.
Buna da bax: Bayden COVID-19-dan ‘müstəqilliyin’ artmasını alqışlayır
Cənubi Koreya, Zimbabve
Cənubi Koreyada ötən dekabrdan bəri görünməmiş sayda – 1200 yeni yoluxma qeydə alınıb. Əhalinin isə cəmi 30 faizinə koronavirusa qarşı vaksinin birinci dozası vurulub.
Baş nazir Kim Bu-kyum deyib ki, yoluxmalar növbəti iki-üç gün ərzində artmağa davam edərsə, rəsmilər daha sərt sosial məsafə qaydalarının tətbiqini nəzərdən keçirəcəklər.
Zimbabvedə son həftələr yoluxmalar kəskin artıb. Ölkədə gecə komendant saatı qüvvədədir, iş saatları azaldılıb, yerlərdə lokdaunlar, şəhərlərarası səyahətə qadağalar qoyulub.
İnformasiya naziri Monika Mutsvanqva deyib ki, yeni qaydalaea görə, adamların əksəriyyəti evdə qalmalıdır. Adamlar yaşayış yerlərindən uzağa getmələrini işəgötürənlərin məktubları ilə əsaslandırmalı olacaqlar.
Zimbabve Afrikada delta ştammının sürətlə yayıldığı 14 ölkədən biridir.