«Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı»nın yekun layihəsi hazırlanıb.
İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahı nəzdində İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun verdiyi məlumatda bildirilir ki, layihə Nazirlər Kabinetinə təqdim olunub.
Oradan vurğulandığına görə, sənəd dövlət orqanları, həmçinin Əlaqələndirmə Qərargahının müvafiq işçi qruplarının rəy və təkliflərinin təhlili əsasında hazırlanıb. Lakin layihənin məzmunu hələ ki, geniş ictimaiyyətə açıqlanmır.
Buna da bax: Prezident həmkarlarına kitab göndərəcəyini deyirİşğaldan azad edilmiş ərazilərinin dayanıqlı inkişafı necə həyata keçirilməlidir? Sözügedən dövlət proqramında nəyin yer alması vacibdir?
«Biz həmin zonanı inkişaf etdirəcəyik,... »
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev «Turan» Agentliyinə bildirib ki, hazırda planlı şəkildə Qarabağ iqtisadi zonasının yekun formalaşdırılması gedir :
«Biz artıq Qarabağ regionun bütün ərzilərinin ölkənin iqtisadi sisteminə daxil edilməsini elan etmişik. Həmin əraziləri Azərbaycanın digər bölgələrindən daha böyük diqqət, həssaslıqla və daha sürətli inkişaf etdirəcəyik. Biz həmin zonanı inkişaf etdirəcəyik, ora investisiyalar olacaq, orada sahibkarlıq üçün münbit şərait qurulacaq. Ora qayıdacaq insanların yaşaması və fəaliyyəti üçün komfortlu şərait yaradılacaq».
Onun sözlərinə görə, Qarabağ regionunda sahibkatlıq mühiti postsovet məkanında istənilən ölkəsindən daha yaxşı olacaq :
«Biz bu planı həyata keçirməliyik. Bundan öncə isə biz bütün struktur layihələri həyata keçirəcəyik. Mühit ona görə yaxşı olmalıdır ki, daha cəlbedici olsun və həm Azərbaycan, həm xarici sahibkarlar gəlib regionun inkişafında iştirak etsin».
«Hər şey proqramlı və rəqəmsal rejimində həyata keçiriləcək»
Komitə üzvü vurğulayıb ki, Azərbaycanın Qarabağ regionunun dayanıqlı inkişafı üçün kifayət qədər öz resursları var :
«Cənab Prezident bir neçə dəfə demişdir ki, bizə bunu yalnız öz daxili resurslarımız hesabına edəcəyik və bizə heç kəsin pulu lazım deyil. Biz iqtisadi dayanıqlığa və maliyyə imkanlarımıza söykənirik».
R.Quliyevin fikrincə Azərbaycan 20 il ərzində iqtisadiyyatını genişləndirib :
«Bu işdə lokomotiv rolunu neft-qaz sənayesi oynamışdı. Biz bununla fəxr edirik, biz pulumuzdan düzgün istifadə etmişik və iqtisadiyyatımızı 4 dəfədən çox inkişaf etdirmişik. Biz nə edəcəyimizi çox gözəl bilirik. Ölkə inkişafının bərpası zamanı hər hansı xırda yanlışlıqlar, xətalar olmuşdusa Qarabağın inkişafında heç bir səhvlər buraxılmayacaq. Hər şey proqramlı və rəqəmsal rejimində həyata keçiriləcək».
« Müstəqil şəxslər bu proqramın hazırlanmasına cəlb edilməli idi»
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, sözügedən proqramın ictimai müzakirəsi olmalı idi:
«Mütəxəssislər, müstəqil şəxslər bu proqramın hazırlanmasına cəlb edilməli idi. Ən azından isə yekun sənəd ictimai müzakirəyə açılmalı idi».
Buna da bax: Qarabağ Enerji Strategiyası hazırlanıbOnun fikrincə, ictimai müzakirələrin işğaldan azad olunmuş ərazilərin bərpasında çox böyük əhəmiyyəti var :
«Bir-birini tamamlayıcı layihələr, iqtisadi fürsətlər, idarəetmənin yenilənməsi olmalıdır. Yəni siyasi və iqtisadi addımlar paralel aparılmalıdır. İstənilən yaxşı iqtisadi qərar normal idarəetmə ilə tamamlanmasa bu, heç bir effekt verməyəcək. Necə ki, ölkənin digər rayonlarında 30 il ərzində effekt vermədi».
«Əgər icra hakimiyyəti institutu qalacaqsa,… »
O, yekun sənəddə hər hansı köklü dəyişiklərin olmasına inanmadığını bildirib: «Əgər icra hakimiyyəti institutu qalacaqsa, bələdiyyələrin heç bir funksiyası olmayacaqsa, insanların orada yaşaması üçün yalnız iqtisadi fürsətlərin yaradılması ilə bağlı müəyyən vergi və gömrük güzəştləri tədbiq ediləcəksə bu, digər rayonlardakı kimi effekt verməyəcək».
Xatırlatma
2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.