FTB Vaşinqtonda oliqarx Deripaskaya bağlı mülkə reyd keçirib

FTB Vaşinqtonda Rusiya oliqarxı Oleq Deripaskaya bağlı olduğu deyilən mülkdə reyd keçirir

Deripaskanın nümayəndəsi Reuters agentliyinə bildirib ki, FTB Nyu York və Vaşinqtonda maqnatın qohumlarına məxsus iki mülkdə axtarış aparır

ABŞ Federal Təhqiqatlar Bürosunun xəfiyyələri Vaşinqtonda Birləşmiş Ştatların “qara siyahısına” salınmış Rusiya oliqarxı Oleq Deripaskaya bağlı mülkdə “məhkəmə sanksiyası ilə” reyd keçiriblər.

Bu barədə xəbər agentlikləri FTB-nin sözçüsünə istinadən oktyabrın 19-da məlumat yayıblar.

Lakin FTB ABŞ paytaxtının 30-cu küçəsindəki mülkün Deripaskanın evi olduğunu təsdiqləməyib.

Washington Post qəzeti 2017-ci ildə həmin mülkün Deripaskaya bağlı olduğunu yazmışdı.

Deripaskaya qarşı 2018-ci ildə sanksiyalar qoyulub.

Rəsmilər FTB xəfiyyələrinin həmin mülkdə nə ilə bağlı tədbir keçirdiyi barədə əlavə məlumat verməyiblər.

Oleq Deripaska Rusiya prezidenti Vladimir Putinə çox yaxın olan oliqarxlardandır.

Buna da bax: ABŞ oliqarxın ‘Putinin çirkli pullarını’ yuduğunu iddia edib

Deripaskanın sözçüsü nə deyib

Bu arada Deripaskanın nümayəndəsi Reuters agentliyinə bildirib ki, FTB Nyu York və Vaşinqtonda maqnatın qohumlarına məxsus iki mülkdə axtarış aparır.

Nümayəndə əlavə edib ki, Deripaska sözü gedən mülklərin sahibi deyil.

Deripaskanın sözçüsü bunu da bildirib ki, axtarışlar ABŞ sanksiyaları ilə bağlı çıxarılmış iki məhkəmə qərarı əsasında aparılır.

Birləşmiş Ştatlar 2018-ci ildə Deripaska və Rusiyanın daha 6 oliqarxına qarşı “dünya boyunca ziyanlı fəaliyyətlərinə”, o cümlədən Kremlin Ukraynaya qarşı təcavüzunə görə sanksiyalar irəli sürüb.

ABŞ Maliyyə Nazirliyi habelə Deripaskaya bağlı üç şirkətə - Rusiyanın alüminium nəhəngi Rusalı, onun törəmə firması En+ və EuroSibEnergo enerji şirkətlərini sanksiya siyahısına salıb.

Rusalın istehsal həcmləri və əhəmiyyətinə görə bu sanksiyalar qlobal metal bazarlarını, həm də ABŞ və Avropadakı biznesləri təsirləndirib.

ABŞ administrasiyası bununla əlaqədar sonradan Rusiya tərəfi ilə müəyyən kompromisə gəlib. Bu razılaşmaya əsasən Deripaska sözü gedən şirkətlərdə nəzarət səhm payından imtina etməli idi.