Mübariz Qurbanlı ABŞ-ın din hesabatı ilə razılaşmır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı

“Azərbaycanda heç kim əqidəsinə və etiqadına görə sıxışdırılmır. Əgər qanuna görə məsuliyyətə cəlb olunan, yaxud barəsində inzibati tədbir görülmüş şəxslər arasında hər hansı dini cərəyanın mənsubu varsa, bu, onların əqidəsindən deyil, qanunazidd əməllərindən qaynaqlanır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının illik hesabatını AZƏRTAC-a şərh edərkən belə deyib.

O, hesabatda Azərbaycanla bağlı tənqidi yanaşmaları əsassız saydığını bildirirb. Dini icmaların qeydiyyatı ilə bağlı heç bir problemin olmadığını ifadə edən komtə sədri 2009-cu ildən (təkrar qeydiyyatın başladığı dövrdən) indiyə kimi 808 dini qurumun rəsmən tanındığından bəhs edib.

Azərbaycanda protestantların durumu, “Yehova Şahidləri” dini icmasının qeydiyyatı məsələsinə də toxunan Mübariz Qurbanlı bu məsələlərlə bağlı hesabatdakı iddiaların əsassız olduğunu vurğulayıb:

“Təəssüflər olsun ki, ABŞ Komissiyası məsələni araşdırmadan, heç bir fakta əsaslanmadan illərlə bu əsassız iddianı ortaya atır. 2009-cu ildən bəri DQİDK-da doqquz protestant təmayüllü dini icma dövlət qeydiyyatına alınıb… “Yehova Şahidləri” dini icmasına gəlincə, 2002-ci ildə DQİDK-da dövlət qeydiyyatına alınan bu icmanın qeydiyyatı hüquqi qüvvəsini saxlayır və onun fəaliyyəti legitim xarakter daşıyır… Təkcə 2017-ci il ərzində 601 adda (765 151 ədəd) dini təyinatlı ədəbiyyatın nəşri məqsədəuyğun hesab edilib. Bunlardan 359-u məhz “Yehovanın Şahidləri” dini icmasına məxsusdur. Bu fakt isə bir daha onu göstərir ki, bu dini icmanın üzvlərinin ölkəmizdə sıxışdırılması ilə bağlı iddialar reallığı əks etdirmir”.

M.Qurbanlı dini fəlların həbs edilməsi ilə bağlı hesabatda əks olunan məlumatları da şərh edib.

“Hesabatda “dini etiqadına görə” həbs olunmuş şəxslərlə bağlı statistika verilərkən, bu rəqəmlərin hansı faktlara və məlumatlara istinad edildiyi göstərilməyib. Hesabatda əks olunan statistika təxminlərə, fərziyyələrə əsaslanıb, beləliklə, obyektiv meyara riayət olunmayıb. Digər tərəfdən, cinayət törətmiş şəxslərin öz əməllərini ört-basdır etmək, həbs olunmalarının səbəbi kimi dini inanc və etiqadlarını bəhanə gətirmələri absurddur”.

Komitə sədri hesabatın təhlil edildiyini, Dövlət Komitəsinin rəyinin Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyasına təqdim ediləcəyini də qeyd edib.

Xatırlatma

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası dünən, aprelin 26-da növbəti illik hesabatını açıqlayıb.

Hesabatda 2017-ci il ərzində 28 ölkədə dini azadlıqlar sahəsində baş vermiş tərəqqi və pozuntular sənədləşdirilib.

Hesabatın Azərbaycana aid hissəsində qeyd edilib ki, rəsmi Bakı 2017-ci ildə də dini azadlıqlara münasibətdə sərt mövqeyini dəyişməyib. Habelə, hökumətin dini fəaliyyətlərə müvafiq qanunlar və Cinayət Məcəlləsinin köməyi ilə tam nəzarət etdiyi açıqlanıb.

Hesabatda yazılıb ki, protestantlara, “Yehova şahidləri” təriqətinə və bəzi müsəlman qruplara qarşı polis reydləri 2017-ci ildə də davam edib.

Sənəddə qeyd olunub ki, dövlətin diqtə etdiyi qaydalara uyğun gəlməyən müsəlman liderlər saxlanır, cərimələnir və onların məscidləri dağıdılır. Hesabatda “Müsəlman Birliyi” Hərəkatı üzvlərinin 12 nəfərinin müxtəlif ittihamlarla 12 ildən 17 ilədək azadlıqdan məhrum edildiyi xatırlanır.

Bildirilib ki, 2017-ci ilin yanvarında eyni qrupdan daha 18 nəfər uzunmüddətli həbs cəzalarına məhkum edilib.

Hesabatda həmçinin yazılıb ki, 2015-ci ildə qanuna edilmiş dəyişikliyin tələbi ilə dini qruplar rəsmi orqanlara fəaliyyətləri haqqında illik hesabat verməyə məcburdurlar. Bu da xatırladılıb ki, Azərbaycanda başqa QHT-lər kimi dini icma və qrupların da rəsmi qeydiyyatı xeyli çətinləşdirilib.

Hüquq müdafiəçilərinin hazırladığı siyahılara görə, Azərbaycanda 150 civarında siyasi məhbus var. Onların təqribən 90 nəfərinin inanclı insan olduğu bildirilir. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.