'Rəhimə xanım ziyarətgahı'na da maliyyə yardımı ayrıldı

İlham Əliyev Nardaran kəndində

Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Xəbəri komitə yayıb. Komitə sədrinin müavini Səyyad Salahlı bu layihələrin reallaşmasının radikalizmlə mübarizədə öz müsbət təsirini göstərəcəyini bildirib və bu sahədə dini icmaları daha fəal olmağa çağırıb.

Maliyyə yardımı ayrılmış 10 dini icma arasında Nardaran kəndindəki “Rəhimə xanım ziyarətgahı” dini icması da var.

Buna da bax:​ Keçmiş axundu həbsdə olan 'Rəhimə xanım ziyarətgahı'nda görüş olub

Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi indiyədək 141 dini icmaya maliyyə yardımı ayrılıb. Bunlardan 19-u qeyri-islam, 122-i isə islama aid icmalardır. Dini icmalara ayrılan maliyyə yardımının məbləği barədə hər hansı informasiya verilmir.

2015-ci il noyabrın 26-da 6 nəfərin öldüyü “Nardaran hadisələri”ndən sonra bu kənddə yeni dini icmanın təşkilinə başlandı. Kənddə yalnız bir dini icma təsis olundu. Nizamnaməyə görə, icma rəhbərinə kəndin fəaliyyətdə olan 5 məscidinə dini ayinlərin icrasında öz nümayəndələrini təyin etmək hüququ verildi. Dini icmanın rəhbəri Musa Rzadır.

Buna da bax: Nardarandakı dini icma qeydə alınıb

Bundan əvvəl kənddə fəaliyyət göstərən məscid və dini icmaların qeydiyyatdan keçmədikləri bildirilirdi.

Azərbaycanda 2009-cu ildən etibarən dini icmalar yenidən qeydiyyatdan keçir.

2015-ci ilin sonuna kimi ölkədə 644 dini icma qeydə alınmışdı. Bunlardan 620-si islam , 24-ü isə qeyri-islam icmaları idi. Bu ilin aprelində də daha 24 dini icma qeydiyyata alınmışdı. Ancaq Azərbaycanda, hələ də qeydiyyata alınmayan dini icmalar var və onlar ayrıseçkilikdən şikayətlənirlər.