Şeyxin səlahiyyətləri artırılır

Təzə Pir Məscidi

Azərbaycanda «Dini etiqad azadlığı haqqında» Qanuna əlavələr təklif edilir.

APA-nın xəbərinə görə, layihə bu gün, aprelin 24-ü Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Komitə sədri Siyavuş Novruzov bildirib ki, layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının - müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla - islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

***Buna da bax-Hökumət Aşuranın küçələrdə keçirilməsini qadağan edir - səbəbi ekspert şərhlərində

Bu məsələ ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrində də dəyişiklik edilir.

«Dini etiqad azadlığı haqqında» Qanuna bundan əvvəl, ötən ilin oktyabrında edilən dəyişikliyə görə, xaricdə dini təhsil almış şəxsə Azərbaycanda dinə aid ayin və mərasimlər aparmasına icazə verilmir.

Bu il Masallı rayonunda həbs edilən ilahiyyatçı Sərdar Babayev də xaricdə dini təhsil alıb. O, qanunsuz dini ayin və mərasimlər icra etməkdə ittiham edilir. Müdafiə tərəfi bu məsələdə subyektivliyə yol verildiyini düşünür. Onlar deyirlər ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyində təmsil edilən bir çox şəxslər də elə xaricdə dini təhsil alıblar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda və Astarada Aşura mərasimləri

Bəzi yerli sakinlər hesab edirlər ki, S.Babayevin həbsinin gerçək səbəbi onun dini moizələrində tənqidi fikirlərə yer verməsidir.

ƏCNƏBİLƏRƏ DƏ BƏZİ QADAĞALAR GÖTÜRÜLƏ BİLƏR

Üstəlik, Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin də dini ayinlər icra etməsi ilə bağlı bəzi qadağalar aradan götürülə bilər.

Bununla bağlı da «Dini etiqad azadlığı haqqında» Qanunun 1-ci maddəsinə dəyişiklik nəzərdə tutulur. Dəyişikliyə əsasən, dini mərkəzin dəvət etdiyi din xadimlərinə Azərbaycanda ayin və mərasimlər icra etməyə imkan veriləcək.

Komitə sədri S.Novruzov bildirib ki, bu qadağalar qəbul ediləndən sonra müxtəlif dini icmalardan müraciətlər olub: «Həqiqətən, dünyada elə qəbul edilmiş dini mərkəzlər var ki, onların nümayəndələrinin Azərbaycanda dinlə bağlı həqiqi ayinlər icra etməsi məqsədəuyğundur».

Layihə plenar iclasa tövsiyə olunub.

Bəzi ekspertlərə görə, bu məsələdə Qafqaz Müsəlmanları İdarəsinə əlavə səlahiyyətlərin verilməsi Konstitusiya ilə ziddiyyət təşkil edir. Onlar düşünürlər ki, belədə dövlət bir dini icmaya ayrıcalıq tanıyır.