Deputat: 'Qafqaz Müsəlmanları İdarəsinin adının qanunda xatırlanması yanlışdır'

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə

Milli Məclis cəmi bir neçə ay öncə dəyişiklik etdiyi «Dini etiqad azadlığı haqda» Qanuna yenidən əlavələr etməyə hazırlaşır. Bundan sonra xaricdə təhsil alanların burda dini ayin və mərasimləri icra etməsi yasaqlanmışdısa, bu dəfə onlara yaşıl işıq yandırılacaq. Ancaq bir şərtlə. Buna qərarı Qafqaz Müsəlmanları İdarəsi verəcək. İdarə uyğun icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla xaricdə təhsil alan Azərbaycan vətəndaşının və ya əcnəbinin islama aid ayin və mərasimlər aparmasına icazə verə bilər.

Burdan bir neçə sual yaranır. Qanuna dəyişiklik ötən ilin oktyabrında edilib. Oktyabrdan bu yana nə dəyişdi ki, Komitə etdiyi dəyişikliyə düzəliş verməyə hazırlaşır? İkincisi, xaricdə təhsil alanlarla bağlı qərarı niyə məhz Qafqaz Müsəlmanları İdarəsi verməlidir?

Əlbəttə, bu sualların ünvanlacağı şəxs parlamentdə qanun layihəsinin müzakirə olunduğu İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovdur. Ancaq o da AzadlıqRadiosuna cavab verməkdən imtina edir. Komitənin digər üzvlərinin də bəziləri xaricdə olduğundan (ən azından köməkçiləri belə söylədilər), bəziləri ümumiyyətlə, dəstəyi qaldırmadığından münasibət almaq mümkün olmadı.

DEPUTAT: «PİS PRAKTİKADIR»

Komitədən yalnız deputat Fazil Mustafa danışdı. O da bir neçə ay öncəki dəyişiklikdən sonra qanuna yeni düzəliş və əlavələr edilməsini «pis praktika» adlandırdı. Deputat həmin vaxt da bu dəyişikliklərə etiraz etdiyini, ancaq çoxluğun dəyişikliklərə səs verdiyini bildirir:

Fazil Mustafa

– Qanun layihəsindəki nöqsanlarla bağlı fikirlər normal şəkildə dinlənilsə, ikinci dəfə qanunu müzakirəyə çıxarmağa ehtiyac qalmaz. Mən elə o zaman Komitənin iclasında da bildirdim ki, xaricdə təhsil alanların dini ayinləri icra etməsinə qadağan qoymaq yanlışdır. Bu, dini təbliğatda ixtisaslı, səviyyəli kadrların əvəzinə daha hazırlıqsız kadrların önə çıxmasına imkan yaradacaq. Bu fikir o zaman diqqətə alınmadı, çoxluq elə gələn layihəyə səs verir. Bu məsələ indi yenidən gündəmə gəldi, xaricdə təhsil alan xeyli insan var ki, onların dövlətlə problemləri yoxdur, başqa ölkələr qarşısında öhdəliklər götürməyiblər, Azərbaycanın maraqlarına xidmət edirlər. Bu halda qanunu yenidən dəyişməyi nəzərdə tuturlar və bu məsələ köhnə yanlışdan qayıdış kimi qiymətləndirilməlidir. Bütövlükdə, xaricdə təhsil alanlara bu imkan tanınır, amma uyğun qurumların razılığı, nəzarəti olmalıdır ki, başqa ölkə qarşısında öhdəlik götürməsin, dini radikalizmi və xurafatı, mövhumatı təbliğ etməsinlər.

– Bunu necə müəyyənləşdirmək mümkün olacaq? Bunun bir mexanizmi olacaqmı? İkincisi də, yeni təkliflərdə deyilir ki, xaricdə təhsil alanlarla bağlı qərarı Qafqaz Müsəlmanları İdarəsi verəcək. Bu həmin quruma – qeyri-hökumət təşkilatına üstünlük verilməsi deyilmi?

– Qafqaz Müsəlmanları İdarəsinin adının qanunda xatırlanması qanunvericilik baxımından yanlışdır. Azərbaycanda bu funksiyanı dini mərkəz gerçəkləşdirir. Dini mərkəz də anlayış olaraq QMİ-yə aid edilir. Amma qanunda, konkret olaraq Ədliyyə Nazirliyi, Miqrasiya İdarəsi, Gömrük Komitəsi yazmırıq, yazırıq ki, müvafiq icra hakimiyyəti orqanı bu məsələylə məşğul olacaq. Yəni, ümumi yazılır, sonra prezident sərəncam verərkən konkret qurumun adı göstərilir. Konkret bu məsələyə gələndə, Azərbaycanda qanunlar yazılarkən bəzən texniki məsələlərə diqqət yetirilmir. Ona görə bir qurumun adının çəkilməsi doğru deyil. QMİ tarixən dini mərkəz rolunu oynayıb və mövcud reallıqlarda, indiki şərtlərdə onun rolunun önə çəkilməsi vacibdir. Amma hüquqi baxımdan, QMİ bir qeyri-hökumət təşkilatıdır, o da dini icmalardan biridir və faktiki olaraq bir dini icma digər dini icmaların mövcudluğu ilə bağlı rəy verir. Bu da hüquqi baxımdan əsaslandırılması çətin məsələdir. Düzdür, radikalizmin, bu sahədə hərc-mərcliyin qarşısının alınması üçün QMİ-yə belə bir imkan yaradılmasını əsaslandırmaq olar. Amma hər bir reallığı da hüquqa uyğunlaşdırmaq lazımdır. Ona görə də, xaricdə təhsil almağa gedənlərlə bağlı bu idarənin rəy verməsi nəzərdə tutulub. Bu da, əslində, dövlət qurumuyla – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsiylə paralel şəkildə aparılacaq. Qanunvericilikdə ikisinin məsələyə müdaxiləsi nəzərdə tutulub.

QMİ DANIŞMIR

AzadlıqRadiosu bu məsələylə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin də mövqeyini almağa çalışıb. Ancaq idarənin sədr müavini Salman Musayev bununla bağlı danışmaq istəmədiyini deyərək, mətbuat xidməti ilə əlaqə saxlamağı məsləhət görüb. Sədrin digər müavini Sabir Həsənli isə zənglərə cavab verməyib. Ancaq o, ötən ilin dekabrında AzadlıqRadiosuna açıqlamasında «Bu addım özbaşına atılmadı. Buna bəzi hadisələr səbəb oldu. Xaricdə oxuyub gələnlər burda başqa ölkənin təbliğatçısına çevrildilər və s. Səbəbsiz heç nə baş vermir» demişdi. Maraqlıdır, Sabir Həsənli indi bu dəyişiklik haqda nə deyəcək?