Tramp Qarabağ ermənilərinə və bölgədə sülhə dəstəyini bildirib

I Aram və Donald Tramp

ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd Donald Tramp Qarabağı tərk etmiş ermənilərə və regional sülhə dəstəyini bildirib. O öz dəstəyini Livandakı Kilikiya erməni katolikosluğunun başçısı I Aramla danışarkən dilə gətirib.

Tramp ABŞ-də yaşayan ermənilərin "mütəşəkkil, fəal və güclü" icma olduğunu söyləyib. I Aram Qarabağ ermənilərini dəstəklədiyi üçün Trampa təşəkkür edərək deyib: "Yeni hökumətdə ABŞ ermənilərini təmsil edən münasib şəxsin olması gərəklidir".

Oktyabrdakı sosial şəbəkə paylaşımında Tramp indiki administrasiyanı, özəlliklə seçkilərdəki rəqibi Kamala Harrisi ermənilərin Qarabağı tərk etməsinə görə suçlayaraq prezident seçilərsə, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyacağını bildirib: "Kamala Harrisin prezidentliyi dövründə dünyada yaşayan xristianlar özlərini güvəndə hiss etməyəcəklər".

Harris ABŞ ermənilərinə müraciətində Ermənistana dəstəyini sürdürəcəyini deyib və əlavə edib ki, Qarabağ ermənilərinin öz evlərinə "təhlükəsiz qayıtmaq" kimi legitim hüquqları var.

Amerika Erməni Milli Komitəsi (ANCA) erməni məsələsində indiki və keçmiş administrasiyaların fəaliyyətlərini kafi qiymətləndirib. ANCA Qarabağ ermənilərinin probleminə diqqət yetirilməsini də alqışlayıb.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurub. O dövrdə Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Son bir neçə ildə hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrıca danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Danışıqların detalları açıqlanmır. Ötən ildənsə tərəflər sərhədlərin delimitasiyası ilə bağlı birbaşa danışıqlara başlayıb.