Trampa sui-qəsd cəhdi. Florida atışması haqqında nə məlumdur

Uest-Palm-Biçdəki Tramp Beynəlxalq Qolf Klubunda atışma

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Florida ştatının Uest-Palm-Biç şəhərindəki qolf meydançasında sentyabrın 15-də atışmanı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi kimi araşdırır.

Şübhəlinin saxlanıldığı bildirilir. Mətbuatın məlumatına görə, bu, 58 yaşlı Rayan Rutdur. Onun arxasında bir neçə cinayəti var. 2023-cü ildə Rut "The New York Times" qəzetinə müsahibəsində əfqan ordusunun keçmiş əsgərlərini Ukrayna ordusuna cəlb etməyə çalışmasından və 2022-ci ildə bir neçə ay Ukraynada qalmasından danışıb.

Olayın motivləri məlum deyil. "The Associated Press"in məlumatına görə, şübhəli sosial mediada 2020-ci ildə D.Trampın namizədliyinə dəstəyindən yazıb, lakin son vaxtlar Co Bayden və Kamala Harrisin tərəfdarı olub.

Olayın qarşısının məxfi xidmət agentinin yaşıllıqlar arasında pulemyotun ağzını görərək qolf meydançasını əhatə edən kollara xəbərdarlıq atəşi açması ilə alındığı bildirilir. D.Tramp həmin an təxminən dörd yüz metr aralıda qolf oynayırdı. Şübhəlinin atəş açmağa müvəffəq olub-olmadığı, hələlik, məlum deyil. Onun avtomobillə qaçmağa çalışsa da, avtomobilinin fotosunu çəkən şahidlərin sayəsində tezliklə saxlandığı vurğulanır. Qolf klubunu magistral yoldan ayıran qəfəs hasarın arxasındakı kolluqlardan snayper nişangahı olan yarımavtomat tüfəng və videokamera aşkar edilib.

Tərəfdarlarına göndərdiyi e-mailı-də D.Tramp təhlükəsizlikdə olduğunu, özünü yaxşı hiss etdiyini və heç vaxt təslim olmayacağını yazıb.

Trampın prezidentlik uğrunda yarışda rəqibi, vitse-prezident K.Harris "Amerikada zorakılığa yer yoxdur" deyən açıqlama verib. Prezident C.Bayden keçmiş prezidentin (D.Tramp) təhlükəsizliyinin təminatı üçün bütün lazımi resursların ayrılmasını əmr edib.

Bundan əvvəl, iyulun 13-də D.Tramp Pensilvaniyada seçki kampaniyası zamanı sui-qəsd cəhdi nəticəsində yüngül yaralanıb. Motivləri hələ də bəlli olmayan sui-qəsdçi Tomas Mettyu Kruks güllələnib. Bundan əvvəl o, mitinq iştirakçılarından birini öldürməyi və daha bir neçə nəfəri yaralamağı bacarıb.