Bir sıra ölkələrin bəzi ərazilərindən Azərbaycana idxal olunan donuz və onun məhsullarına müvəqqəti məhdudiyyət qoyulub
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) iyulun 26-da yaydığı məlumatında bildirilir.
Açıqlamada bu, başqa ölkələrdən ölkə ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlarla izah edilir.
Bildirilir ki, OIE məlumatına əsasən, bir sıra ölkələrin bəzi ərazilərində donuzların Afrika taunu xəstəliyi qeydə alınıb. Söhbət Vyetnam, Macarıstan, Rumıniya, Polşa, Filippin, İndoneziya, Rusiya, Almaniya, Latviya, Cənubi Afrika Respublikası, Moldova, Çin, Laos, Tanzaniya, Butan, Namibiya, Myanma, Kot-d'İvuar, Malayziya və Ukraynadan gedir.
Qeyd edilir ki, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaaq məqsədilə sözü gedən ölkələrin bəzi inzibati ərazi vahidlərindən diri donuzlar, onlara aid məhsul, xammal və genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
"Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub. ",məlumatda yazılıb.