Beynəlxalq Antidopinq Agentliyi Azərbaycana vaxt qoyub

WADA

BBC-nin yaydığı məlumata görə, Azərbaycan, Qvatemala, Braziliya, Yunanıstan və İndoneziya Beynəlxalq Antidopinq Agentliyinin (WADA) qanunlara «tabe olmayan» ölkələr siyahısına salına bilər.

«BBC-Sport» yazır ki, Azərbaycanla Qvatemala dopinq əleyhinə yoxlama proqramlarında nöqsanlarına görə ittihamlarla üzləşib.

WADA-nın dopinq əleyhinə kodeksi ilə razılaşdıqlarını sübut etmək üçün bu ölkələrin hamısına noyabrın 10-a qədər vaxt verilib. Həmin vaxtadək gərəkən tədbirlər görməsələr, onları «tabe olmayan» ölkələr sırasına aid edəcəklər. Bu barədə qərar noyabrın 19-da, WADA-nın Qlazqo toplantısında veriləcək.

Bir müddət əvvəl Azərbaycan idmançılarında dopinq tapılanda, WADA xəbərdarlıq etmişdi ki, bu ölkənin qurumun tələblərinə əməl etməməsinə dair qərar çıxarıla bilər.