ABŞ Dövlət Departamentinin büdcəsi yarıbayarı azaldıla bilər

ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti

ABŞ prezidenti Donald Tramp administrasiyası Dövlət Departamentinin büdcəsini 50 faiz azaltmağı planlaşdırır. Bu haqda "The New York Times" qəzeti əldə etdiyi işçi memoranduma istinadla yazır.

Plana görə, ən böyük ixtisar BMT və NATO-nun maliyyələşdirilməsində baş verə bilər. ABŞ beynəlxalq sülhyaratma əməliyyatlarına maliyyə dəstəyini tam dayandıra, Dövlət Departamentinin maliyyələşdirdiyi mədəni mübadilə və təhsil proqramlarını kəsə bilər. Səhiyyə, dünyanın yoxsul ölkələri üçün dərman və vaksinlərin alınması üzrə layihələrə humanitar yardımın da yarıbayarı azaldılması gözlənilir.

Bu il Dövlət Departamentinin büdcəsi 54 milyard dollardır, onun 28 milyard dollara salınması planlaşdırılır.

Qəzetin departamentdəki mənbələrinin dediyinə görə, plan Ağ evin ciddi büdcə ixtisarları ilə bağlı plan təqdim etmək üçün nazirliklər qarşısında qoyduğu tələblərə uyğun hazırlanıb. Yaxın vaxtlarda Tramp administrasiyası Konqresə gələn il dövlət büdcəsinə dair öz versiyasını təqdim edəcək, dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılması gözlənilir.

Ağ evin büdcə layihəsini isə Konqres təsdiqləməlidir və xeyli sayda konqresmen beynəlxalq proqramlara maliyyənin kəskin azaldılmasına qarşı çıxır. Bəzi demokrat senatorlar artıq bu təklifləri tənqid ediblər.

Tramp administrasiyasının Dövlət Departamentində xüsusi bölmənin yaradılması üçün 4 milyard dollar istəyəcəyi gözlənilir. Həmin bölmənin fövqəladə beynəlxalq humanitar yardımın ayrılmasına baxacağı nəzərdə tutulur.