Son yarım ildə Dövlət Neft Fondunun aktivləri 3 milyard 434 milyon manat dəyərsizləşib, Fondun valyuta məzənnələrinin dəyişməsindən itkiləri isə 1 milyard 793 milyon manatı ötüb. Dövlət Neft Fondunun iyulun 20-də yaydığı hesabatda belə deyilir.
Bəzi iqtisadçılar neftin və qazın qiymətinin kəskin artdığı bir dövrdə Dövlət Neft Fondunun aktivlərinin dəyərsizləşməsi haqda dediklərinə şübhəylə yanaşır, qurumun idarəetməsini tənqid edirlər.
İqtisadçı Nemət Əliyev ona diqqət çəkir ki, ötən 6 ay müddətində neft və qazın satışından Dövlət Neft Fonduna daxil olan vəsaitlər təxminən 6.5 milyard manat həcmində artıb: "Deməli, bu vəsait Dövlət Neft Fondunun aktivlərini ən azı bu qədər artırmalı idi. Düzdür, daxil olan bu vəsaitlərin bir hissəsi dövlət büdcəsinə transfert olunur və digər xərclərə yönəlir. Amma bununla belə, Fondun aktivlərində ciddi artım qeyd olunmalı idi".
O, DNF-in açıqladığı rəqəmlərə istinadla artımın cəmi 350 milyon manat aralığında olduğunu deyir: "Bəs aradakı o məbləğ hara gedib? Aradakı o itki 1,5 milyard manatla ölçülür. Həmin o itkilər Dövlət Neft Fondunda illərdir üst-üstə yığılmış aktivlərin idarə edilməsindən əmələ gələn itkilərdir".
Buna da bax: Neft Fondu böyük zərər edib"Ehtiyatlarının 18-20 faizi avrodadır deyə..."
İqtisadçı Natiq Cəfərlisə hesab edir ki, söhbət manatla itkilərdən getdiyinə görə məsələ avro məzənnəsinin manat qarşısında kəskin ucuzlaşması ilə əlaqəlidir: "İlin əvvəlində avronun kursu 2 manat civarında idisə, indi 1 avronun məzənnəsi 1.72 manatdır. Dövlət Neft Fondunun ehtiyatlarının 18-20 faizi avrodadır deyə, belə itkilər gözlənilən idi".
Ekspert yada salır ki, dollar istisna olmaqla DNF-nin aktivləri olan valyutaların məzənnələri manata qarşı ucuzlaşıb: "Bu, həm türk lirəsinə, həm də rus rubluna aiddir".
O, Dövlət Neft Fondunun aktivlərinin 3 milyard 434 milyon manat dəyərsizləşməsini həm də dünya bazarlarında qızılın ucuzlaşması ilə əlaqələndirir: "İlin əvvəlində qızılın bir unsiyasının qiyməti 2 min dollara yaxın idisə, bu gün qiymət 1710 dollara düşüb. Bu da qızılda saxlanılan Fondun aktivlərinin manat ekvivalentində azalmasına səbəb olub".
"O itkilərin xeyli hissəsindən qaçmaq mümkün idi"
İqtisadçı N.Əliyev hesab edir ki, Dövlət Neft Fondu investisiya siyasətinə yenidən baxmalıdır: "Həmin aktivlərin dəyərsizləşməsində Rusiya-Ukrayna müharibəsi kontekstində dünya kapital bazarlarında olan mənfi tendensiya öz rolunu oynayır. Amma Azərbaycan hökumətindən də asılı olan məsələlər var, onlar həll olunmadığına görə bu vəziyyət yaranıb. O itkilərin xeyli hissəsindən qaçmaq mümkün idi. Azərbaycan bir neçə il əvvəl Rusiya bazarlarına 633 milyon dollar dəyərində investisiya edib. Bu investisiyadan hazırda təxminən 250 milyon dollar qalıb, onların da 60-70 faizi dəyərsizləşib. Onları vaxtında çıxarmaq lazım idi".
Buna da bax: Borcu gəlirindən çox SOCARDövlət Neft Fondundan idarəetmə haqda tənqidlərə münasibət öyrənmək mümkün olmayıb. Amma bir gün öncə yayılan hesabatda bildirilir ki, hazırda dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər qurumun investisiya portfelinə təsirsiz ötüşmür: "...o cümlədən geosiyasi böhranın daha da dərinləşməsi, habelə pandemiya sonrası təchizat zəncirindəki qırılmaların hələ də davam etməsi və Çində sərt məhdudiyyətlər fonunda qlobal maliyyə bazarlarında kəskin dalğalanmalar müşahidə olunmaqdadır".