Azərbaycan Dövlət Turizm Agentliyində (DTA) bir sıra vəzifəli şəxslərin istintaqa cəlb olunduğu bildirilir.
Yerli saytların məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) martın 4-də DTA Aparatının əməkdaşı Nicat Hüseynovu şübhəli şəxs kimi saxlayıb. Onun barəsində Bakı şəhər Səbail rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbirinin seçildiyi bildirilir. O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.
Bu məlumata, hələlik, agentlik və adıçəkilən şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Elə martın 4-də prezidentin sərəncamı ilə DTA-nın sədri Fuad Nağıyevə "işində yol verdiyi nöqsanlara görə" şiddətli töhmət elan edilmişdi.
Agentliyin bir sıra vəzifəli şəxslərinin vəzifələrindən uzaqlaşdırıldığı deyilir.
2018-ci il aprelin 20-də Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.