Çin virusun mənşəyi barədə təhqiqata əngəl yaratmaqda ittiham olunur

Vuhan laboratoriyası

Çin COVID-19-un mənşəyinin öyrənilməsi üçün lazım olan “xam datanı” gizlətməsinə dair Dünya Səhiyyə Təşkilatının (DST) ittihamlarını rədd edib.

The Telegraph qəzetinin yazdığına görə Pekin bildirib ki, ekspertlərin Çinə səfəri zamanı onlara bütün materiallara adekvat giriş verilib.

DST-nin baş katibi deyib ki, koronavirusun mənşəyi barədə təhqiqata virusun yayılmasının ilk günlərinə aid materialların olmaması əngəl yaradıb.

DST Çini bu məsələdə daha şəffaf olmağa çağırıb.

DST-nin başçılıq etdiyi ekspertlər qrupu dörd həftə müddətində çinli alimlərlə birlikdə Vuhan şəhərində olublar.

Buna da bax: Bir daha virusun laboratoriyadan sızması haqda – Qərb mediası

Hesabat bir sıra ölkələri və alimləri inandıra bilməyib

Onların bunun ardınca mart ayında açıqladıqları hesabatda bildirilirdi ki, virus böyük bir ehtimalla insanlara başqa ara heyvanlar vasitəsilə yarasalardan keçib.

Hesabatda deyilirdi ki, virusun laboratoriya insidenti və ya səhvi nəticəsində yayılması son dərəcə ağla batmayan versiyadır.

Lakin bir sıra ölkələri, o cümlədən Birləşmiş Ştatları və bəzi mötəbər ailmləri bu iddia qane etməyib.

Tedros Adanom Qebreyesus deyib:

"Biz Çindən şəffaf və əməkdaşlığa açıq olmağı rica edirik. Biz milyonlarla iztirab çəkən və milyonlarla ölmüş insanlar naminə nə baş verdiyini bilməyə borcluyuq”.

Çin koronavirusun Vuhan laboratoriyasından sızması versiyasını “absurd” adlandırıb və təkrar edib ki, bu məsələnin “siyasiləşdirilməsi” təhqiqata əngəl yaradacaq.

Iyulun 16-da Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lijian DST-nin bəyanatları barədə suala cavab verərkən deyib ki, bəzi informasiyalar şəxsi olduğuna görə köçürülərək kiməsə verilə bilməzdi.

Buna da bax: Virusun laboratoriyadan sızma versiyası niyə ağlabatan sayılır – Qərb mediası

Almaniya da Çinə çağırış edir

Doktor Tedros təklif olunan ikinci təhqiqat barədə DST-nin 194 üzv ölkəsinə iyulun 16-da məlumat verməli idi.

DST-nin fövqəladə hallar üzrə direktoru Mayk Rayan iyulun 16-da deyib ki, təşkilat çinli ekspertlərlə birgə işləməyə hazırdır.

Bu arada Almaniyanın səhiyyə naziri Cen Spon iyulun 15-də doktor Tedrosla görüşündən sonra Çini COVID-19-un mənşəyinin öyrənilməsi üçün aparılan təhqiqatlara imkan yaratmağa çağırıb.

Nazir deyib ki, bu sahədə daha çox informasiyaya ehtiyac var.

DST-nin Cenevrədəki iqamətgahında çıxış edən nazir habelə bəyan edib ki, Almaniya DST-nin ACT-Accelerator proqramına 307 milyon dollar ianə verəcək.

Bu proqram yoxsul ölkələr də daxil, bütün dünyanı vaksin dozaları və testlərlə təchiz etmək üçün yaradılıb.