DSX : ‘Ermənistanın 2 hərbi qulluqçusu saxlanıb’-onlara CM-nin 6 maddəsi ilə cinayət işi açılıb

Bir gün əvvəl saxlanılan Ermənistan hərbçilərinə cinayət işi açılıb. Bununla bağlı Azərbaycanın Baş Prokurorluğu ilə Dövlət Sərhəd Xidmətinin mayın 27-də yaydığı birgə məlumatda deyilir.

Hər iki hərbçi "...odlu silah və döyüş sursatı qaçaqmalçılığında", "...terrorçuluqda", "zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə""dövlət sərhəddini qanunsuz keçmə", "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama"da ittiham olunur.

Birgə məlumatda cinayət işi üzrə zəruri istintaq tədbirlərin davam etdirildiyi bildirilir.

***

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bildirir ki, bu gün, mayın 26-da Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanıb.

Xidmətin açıqlamasına görə, “dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan dövlət sərhədini pozması cəhdinin qarşısı alınıb”.

Məlumata görə, nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanıb.

DSX-nın bildirməsinə görə, “qrupun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar”.

Ermənistan Müdafiə Nazirliyi isə həmin hərbçilərin mayın 26-da döyüş mövqelərini ərzaqla təmin edən hərbçilər olduğunu və onlarla saat 19:00 radalərindən sonra əlaqə kəsildiyini bildirir.

Məlumatda həmçinin həmin hərbçilərin "qeyri-müəyyən şəraitdə Azərbaycan tərəfinə keçməsi ilə bağlı mümkün versiya"nın da da araşdırıldığı vurğulanır, - Ermənistan müdafiə nazirliyinin açıqlamasında deyilir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona ( Zəngilan rayonu daxil) nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.