XİN Gürcüstandan izahat istəyir

Keşikçidağ-David Qareci məbəd kompleksi

XİN: «Bu, təxribatdır»

Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, Gürcüstandan bir qrup şəxsin sərhədi pozaraq Keşikçidağ yaxınlığında sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, ondan izahat istənilib: ​«Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk».

Açıqlamaya görə, Azərbaycan Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülmüş işlərə dair onun məlumatlandırılmasını qarşı tərəfdən tələb edib.

Azərbaycan XİN-in bu açıqlamasına, hələlik, sözügedən səfirliyin və Gürcüstanın başqa rəsmi qurumlarının münasibətini almaq mümkün olmayıb.

DSX sərhəddəki insidentlə bağlı açıqlama yayıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) dünən, iyulun 14-də Gürcüstanla sərhəddə yaşanan insidentlə bağlı açıqlama yayıb.

İyulun 15-də yayılan açıqlamada qeyd edilir ki, iyulun 14-də saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının «Şəmkir» sərhəd dəstəsinin «Keşikçi qala» sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları Azərbaycan sərhəd naryadına qarşı insident törədiblər:

«Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib».

Sizin brauzer HTML5-i dəstəkləmir

Gürcü fəallar yenə də "Keşikçidağ" məbədi ətrafında aksiya keçirdilər

​Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan məlumatlara görə, iyulun 14-də Gürcüstanın bir qrup vətəndaşı ilə Azərbaycan sərhədçiləri arasında insident yaşanıb. Bununla bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərdə Gürcüstanın bir qrup vətəndaşının Azərbaycan sərhədçilərinə hücum etdiyi əks olunur.

Gürcüstanın kütləvi informasiya vasitələrində bu olay Azərbaycan sərhədçilərinin məbəddəki ikonaları icazəsiz götürmələri ilə izah edilir.

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə də, «vəziyyət vaxtında yoluna qoyulub və hazırda hadisə yerində sakitlikdir».

Xatırlatma

Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə, bu ilin əvvəlində də bu ölkə ilə Azərbaycan sərhədində yerləşən Keşikçidağ-David Qareci məbəd kompleksində narazılıq yaşanmışdı.

Keşikçi məbədi və ya «David Qareci»...

Gürcüstanla Azərbaycan arasında sərhəd delimitasiyası (sərhədin müəyyən edilməsi-red.) məsələləri, əsasən, razılaşdırılıb. Ancaq bu kompleksin yerləşdiyi ərazidə sərhədin tam müəyyən edilmədiyi bildirilir. Xüsusilə orada mübahisələr Udabno məbədi ilə bağlıdır. SSRİ zamanında ora Azərbaycanın ərazisi olub.

Bu ilin mayında isə iki ölkə rəsmiləri arasında sərhədin delimitasiyası ilə bağlı müzakirələrin yenidən bərpa edildiyi açıqlanıb.

Azərbaycan prezidentin sərəncamı ilə 2007-ci ildə «Keşikçidağ» Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Orda 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var. Ağstafa rayonunun mərkəzindən 75 kilometr, rayonunun sonuncu yaşayış məntəqəsindən - Böyük-Kəsik kəndindən isə 28 kilometr uzaqda yerləşir.